Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində sorğular aparılıb, maarifləndirici görüşlər keçirilib

Tarix: 13.05.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda həyata keçirilən “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” tədqiqat işi çərçivəsində 2026-cı ilin aprel ayında Bakı şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil müəssisələrində şagirdlər, müəllimlər, məktəb psixoloqu və valideynlərlə sorğular aparılıb, maarifləndirici görüşlər keçirilib.

ARTİ-nin Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziyada və Maştağa qəsəbəsi 187 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərin, məktəb psixoloqlarının, valideynlərin və şagirdlərin iştirakı ilə interaktiv keçən təqdimatlar təşkil edilib.

Görüşlərin əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin səbəb ola biləcəyi fiziki, psixoloji və sosial təhlükələr barədə iştirakçıları məlumatlandırmaq, risk yaradan amilləri müəyyən etmək, profilaktik yanaşmaların vacibliyini və sağlam həyat tərzini təşviq etməkdir.

Tədbir iştirakçılarına yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, psixoloji dayanıqlılığın artırılması, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması kimi məsələləri əhatə edən maarifləndirici məlumatlar təqdim olunub.