Aprelin 20-dən başlayaraq Azərbaycanda 4-cü sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən PIRLS 2026 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsi başa çatıb.
Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbin 6300-dən çox şagirdi qiymətləndirməyə cəlb olunub. Qiymətləndirmə aprel və may ayları ərzində həyata keçirilib. Son üç tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda şagirdlərimiz kağız əsaslı deyil, kompüter əsaslı qiymətləndirmədə iştirak ediblər.
Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sorğu suallarını da cavablandırıblar. Həmçinin, valideynlər, məktəb rəhbərləri və tədqiqatda iştirak üçün seçilmiş siniflərin müəllimləri də sorğuda iştiraka cəlb ediliblər.
Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür. Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.
Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir. Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.
PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinin 2027-ci ilin dekabr ayında elan olunması planlaşdırılır.