Azərbaycan Respublikasının Təhsil İnstitutunda həyata keçirilən “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi çərçivəsində ARTİ-nin psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşları tərəfindən 2026-cı ilin may ayında Salyan və Göyçay rayonlarında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində müəllimlər, məktəb psixoloqları, valideynlər və şagirdlər arasında sorğular aparılıb, maarifləndirici görüşlər keçirilib.
Görüşlərin əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin səbəb ola biləcəyi fiziki, psixoloji və sosial təhlükələr barədə iştirakçıları məlumatlandırmaq, risk yaradan amilləri müəyyənləşdirmək, profilaktik yanaşmaların vacibliyini diqqətə çatdırmaq və sağlam həyat tərzinin təşviq etməkdir.
Təqdimatlar zamanı tədbir iştirakçılarına yeniyetmələrin zərərli vərdişlərdən uzaq tutulması, psixoloji dayanıqlılığın artırılması, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici məlumatlar təqdim edilib, eyni zamanda beynəlxalq təcrübədə tətbiq olunan profilaktik metodlar barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.