Elmi tədqiqatlarda mənbələrdən necə səmərəli istifadə etmək olar: doktorantlar üçün seminar

Tarix: 08.06.2026
Paylaş:


Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) doktorantların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi, onların elmi araşdırmalarının keyfiyyətinin yüksəldilməsi və akademik tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Tədqiqatların aparılması zamanı mövcud elmi ədəbiyyatdan, arxiv və muzey sənədlərindən səmərəli istifadə” mövzusunda seminar təşkil olunub. Seminarın spikeri ARTİ-nin Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Aynur Paşayeva olub.

Tədbirdə doktorantlar və gənc tədqiqatçılar üçün elmi araşdırmaların aparılmasında mənbəşünaslığın rolu, etibarlı elmi mənbələrin seçilməsi prinsipləri, elmi ədəbiyyatın sistemli təhlili və tədqiqat prosesində istifadə olunan məlumatların elmi dövriyyəyə düzgün daxil edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Aynur Paşayeva çıxışında vurğulayıb ki, müasir elmi tədqiqatlar yalnız mövcud elmi ədəbiyyatın öyrənilməsi ilə məhdudlaşmamalı, həm də arxiv və muzey mənbələrinin araşdırılması vasitəsilə yeni faktların və elmi nəticələrin üzə çıxarılmasına xidmət etməlidir. O, doktorantların tədqiqat mövzularına uyğun mənbələrin müəyyənləşdirilməsi, məlumatların müqayisəli təhlili, elmi etikaya riayət olunması və istinad qaydalarının düzgün tətbiqi ilə bağlı tövsiyələrini iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində doktorantları maraqlandıran suallar cavablandırılıb, elmi araşdırmalar zamanı qarşıya çıxan praktik problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.