İyunun 11-də Bakı Dövlət Universitetində Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qaliblərin uğurlarının arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət dayanır. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin əldə etdiyi nailiyyətlər yalnız medal və mükafatlarla ölçülmür, eyni zamanda onların qazandıqları bilik, bacarıq və düşüncə tərzi gələcək uğurlarının əsasını təşkil edir.
İdris İsayev əldə olunan nəticələrdə valideynlərin və müəllimlərin rolunu xüsusi qeyd edərək onları təbrik edib, çıxışında dövlətin ən böyük sərvətlərindən birinin insan kapitalı olduğunu bildirib, ölkədə təhsilin inkişafı və gənclərin potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi yetişməsi baxımından mühüm rol oynayır.
Nazir müavini olimpiada qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bu nailiyyətlərin onların həyat yolunda yeni uğurların başlanğıcı olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Respublika Fənn Olimpiadaları ölkənin ən istedadlı məktəblilərini bir araya gətirən nüfuzlu bilik yarışıdır. Rektor qeyd edib ki, olimpiadaların məqsədi şagirdlərin istedad və yaradıcılıq potensialını üzə çıxarmaq, onlarda özünəinam hissini gücləndirmək və gələcək peşə seçimlərinə dəstək olmaqdır. O vurğulayıb ki, olimpiadalar şagirdlərə öz potensiallarını nümayiş etdirmək və gələcəyə daha inamla addımlamaq imkanı da yaradır.
Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə 32 qızıl, 62 gümüş, 89 bürünc medal qaliblərə təqdim olunub.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.
İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.
Respublika Fənn Olimpiadaları nədir?
Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.
Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.
Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.