“Fəal təlim strategiyalarının dərslərdə tətbiqi” mövzusunda təkmilləşdirmə təlimi keçirilib

Tarix: 25.06.2026
Paylaş:

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi və “Evrika” liseyinin birgə əməkdaşlığı ilə liseyin müəllimlərinin peşəkar inkişafının dəstəklənməsi və tədris prosesində müasir yanaşmaların tətbiqinin genişləndirilməsi məqsədilə “Fəal təlim strategiyalarının dərslərdə tətbiqi” mövzusunda təkmilləşdirmə təlimi təşkil olunub.

16-20 və 22 iyun tarixlərində baş tutan ixtisasartırma təlimi tədris proqramı çərçivəsində müdavimlərə fəal təlimin nəzəri əsasları, XXI əsr bacarıqlarının formalaşdırılması, təlim nəticələrinin müəyyənləşdirilməsi, perspektiv və gündəlik planlaşdırma, qiymətləndirmə strategiyaları, təlim nəticəsindən qiymətləndirmə meyarlarının çıxarılması, sinfin idarə olunması və s. kimi mövzular tədris olunub.

Təlim interaktiv metodlar əsasında təşkil olunub. Müəllimlər nəzəri biliklərini əqli hücum, müzakirə, qrup işi, cütlüklərlə iş, refleksiya, debat və situativ tapşırıqlar kimi praktik fəaliyyətlər vasitəsilə möhkəmləndiriblər.

Proqramın əsas məqsədi müəllimlərdə şagirdyönümlü müasir təlim yanaşmalarının tətbiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən fəaliyyətlərin hazırlanması, formativ qiymətləndirmə bacarıqlarının gücləndirilməsi və dərslərin səmərəliliyinin artırılması olub.