İyulun 1-də “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin əhəmiyyətindən söz açaraq bu cür müsabiqələrin kiçik yaşdan uşaqların oxuyub-anlama qabiliyyətini inkişaf etdirdiyini, texnoloji yeniliklərdən istifadə bacarıqlarını təkmilləşdirdiyini bildirib.
İntellektual yarışlarda iştirak edən məktəblilərimizin sayının hər il daha da artdığını vurğulayan nazir müavini bildirib ki, bu da yeni nəslin müasir çağırışlara ciddi hazırlaşdığını göstərir.
Firudin Qurbanov deyib ki, biliklər nəyin necə qurulduğunu anlamağa imkan verir, lakin yalnız bacarıqlar bunu reallığa çevirməyə, dəyişən şəraitə uyğunlaşmağa və həyat, eləcə də karyera üçün dəyərli bir məhsul yaratmağa kömək edir.
Qeyd edib ki, müasir dünyada bacarıqlar fasiləsiz təhsil və sürətli adaptasiya vasitəsilə formalaşır. İnformasiyanın köhnəlməsi səbəbindən dar akademik biliklər deyil, çevik bacarıqlar, rəqəmsal savadlılıq və müstəqil şəkildə həll yolları tapmaq qabiliyyəti ön plana çıxır.
Daha sonra Təhsil İnstitutunun Təhsildə Məzmun və Qiymətləndirmə Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” müsabiqəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, bu il 3-cü və 4-cü sinifləri əhatə edən müsabiqəyə 2 316 ümumi təhsil müəssisəsini təmsil edən 186 521 şagird qoşulub, 404 uşaq finalçı seçilib. İki sinif üzrə 36 nəfər qalib elan olunub. Qaliblərdən 20-si oğlan, 16-sı qızdır. Ümumilikdə ölkə üzrə 3-cü və 4-cü sinif şagirdlərinin 67%-i müsabiqədə iştirak edib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qalibləri təbrik edərək vurğulayıb ki, bir uşaq üçün əsas məsələ müsabiqədə medal qazanmaq deyil, özünü inkişaf etdirərək hər dəfə bir addım irəli aparmaqdır. Aynur Sofiyeva hər uğurun böyük bir məsuliyyət yaratdığını da qaliblərin diqqətinə çatdırıb.
Tədbirdə regional təhsil idarələrinin “Bilbacar” müsabiqəsində aktiv fəaliyyətinə görə seçilmiş əməkdaşları, həmçinin “Yüksək nəticə” və “Fəal iştirakçılıq” nominasiyaları üzrə müəyyən olunmuş məktəblər də təltif ediliblər.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında start verilən “BilBacar” müsabiqəsinin builki əsas məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq olub.