Gənc bioloqlar yay təlim düşərgəsində görüşüblər

Tarix: 02.07.2026
Paylaş:

Biologiya fənni üzrə olimpiadalara hazırlaşan şagirdlər üçün yay təlim düşərgəsi təşkil olunub. Yay düşərgəsi biologiya üzrə beynəlxalq olimpiada komandasının rəhbəri və təcrübəli mentor Elxan Tahirov, eləcə də keçmiş olimpiada qalibləri Kənan Orucəliyev, Mətin Muradlı, Məmmədəmin Səlimli və Əhməd Əhmədli tərəfindən həyata keçirilir.

Düşərgənin əsas məqsədi şagirdlərin biologiya sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsi, eləcə də praktiki bacarıqlarının inkişaf etdirilməsidir. Təlim proqramı çərçivəsində iştirakçılar üçün həm nəzəri, həm də praktiki dərslər təşkil olunur. Dərslər zamanı biologiyanın müxtəlif istiqamətləri üzrə müasir mövzular tədris edilir, laboratoriya şəraitində təcrübələr aparılır və şagirdlər elmi-tədqiqat fəaliyyətinin əsasları ilə yaxından tanış olurlar.

Laboratoriya məşğələləri iştirakçıların eksperimental bacarıqlarının formalaşdırılmasına, müşahidə və analiz vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. Bu cür fəaliyyətlər beynəlxalq biologiya olimpiadalarında tələb olunan nəzəri və praktiki hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.