Ümumtəhsil müəssisələrində metodik dəstəyin gücləndirilməsi, pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb.
Qeyd edək ki, təlimlər iyulun 13-dən etibarən keçirilir. Hazırda davam edən təlimlərdə Lənkəran-Astara RTİ, Qarabağ RTİ, Şəki-Zaqatala RTİ, Dağlıq Şirvan RTİ, Quba-Xaçmaz RTİ və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edirlər.
Təlimlər zamanı iştirakçılar müasir pedaqoji yanaşmalar, fənn kurikulumlarının tətbiqi, şagirdyönümlü dərs metodları, formativ qiymətləndirmə və digər mühüm sahələr üzrə nəzəri və praktik biliklər əldə edirlər. Eyni zamanda, təlimlər interaktiv üsullarla təşkil olunur, iştirakçılar fikir mübadiləsi aparır, real dərs nümunələrini müzakirə edirlər.
Təlim müddətində interaktiv müzakirələr, situativ və tətbiqi xarakterli fəaliyyətlər vasitəsilə iştirakçılar arasında təcrübə mübadiləsi təşviq olunur, onların metodik kompetensiyalarının inkişafına dəstək göstərilir.
Qeyd edək ki, növbəti mərhələdə sertifikasiya imtahanında 51 bal və yuxarı nəticə göstərən, hazırda təlimlərə cəlb olunmayan müəllimlər iştirak edəcəklər.