Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Peşə və ömürboyu təhsili şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflər (PTS) üçün hazırlanmış tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədilə Dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr iyulun 13, 17, 20, 22 və 23-də aşağıdakı dörd ixtisas modulu üzrə təşkil olunub:
• Kompüter operatoru
• Dronların təmiri üzrə usta köməkçisi (yeni ixtisas)
• Dərzi köməkçisi
• Qənnadçı
Qeyd edək ki, “Dronların təmiri üzrə usta köməkçisi” ixtisası Peşə Təmayüllü Siniflər üçün ilk dəfə hazırlanmış proqramlardan biridir. Müasir texnologiyaların sürətli inkişafı fonunda bu ixtisas əmək bazarında perspektivli peşələr sırasında yer alır və şagirdlərin innovativ sahələr üzrə bilik və bacarıqlar qazanmasına şərait yaradır.
Hər bir ixtisas üzrə proqram layihələrinin ilkin müzakirəsi zamanı aşağıdakı istiqamətlər üzrə fikir mübadiləsi aparılıb:
• tədris proqramlarının məzmun və strukturunun təhlili;
• proqramların əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunluğu;
• nəzəri biliklərlə praktik bacarıqlar arasında balansın təmin olunması;
• müasir iş mühitində tələb olunan səriştələrin proqramlara inteqrasiyası.
Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsili şöbəsinin əməkdaşları, işçi qrupun üzvləri və müvafiq sahələr üzrə ekspertlər iştirak ediblər. İştirakçılar proqram layihələri ilə bağlı rəy və təkliflərini səsləndirərək onların daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriblər.
Qeyd edək ki, tədris proqramları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə və Kvalifikasiya Standartlarının Reyestri əsasında hazırlanır. Proqramların hazırlanması prosesi ARTİ-nin müvafiq işçi qrupu tərəfindən həmin reyestrdə təsdiq edilmiş standartlara uyğun həyata keçirilir.
Müzakirələrin əsas məqsədi yenilənmiş proqramların keyfiyyətini qiymətləndirmək və zəruri təkmilləşdirmələri müəyyənləşdirmək olub. Bu çərçivədə aşağıdakı məsələlər nəzərdən keçirilib:
• təlim nəticələrinə uyğun nəzəri bilik və praktik bacarıqları əhatə edən mövzuların aktuallığı və məntiqi ardıcıllığı;
• mövzular üzrə dərs saatlarının optimal bölgüsü;
• proqramların həyata keçirilməsi üçün tələb olunan maddi-texniki bazanın uyğunluğu;
• təlim prosesində əməyin mühafizəsi və təhlükəsizlik məsələlərinin proqramlarda əks olunması.
Yenilənmiş tədris proqramları əmək bazarının dəyişən tələbləri və müasir istehsal mühitinin ehtiyacları nəzərə alınmaqla hazırlanır. Proqramlarda nəzərdə tutulan bilik, bacarıq və səriştələr real sektorun gözləntilərinə uyğunlaşdırılıb və praktik yönümlülüyün gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Hazırlanan proqramların peşə təmayüllü siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin peşə səriştələrinin inkişafına və onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı yetişməsinə töhfə verəcəyi gözlənilir.