İnklüziv təhsil üzrə mentorlar üçün ustad dərsləri və təlimlər təşkil olunub

Tarix: 30.07.2026
Paylaş:

Təhsil İnstitutu tərəfindən inklüziv təhsil istiqamətində layihələrin icrasında iştirak edən əlavə təhsil mərkəzləri ilə əməkdaşlıq edən mentorların peşəkar kompetensiyalarının inkişafı məqsədilə ustad dərsləri və təlimlər təşkil olunub.

Təcrübəli mentorlar üçün keçirilən ustad dərsləri iştirakçıların pedaqoji qərarvermə, fərdiləşdirilmiş təlimin planlaşdırılması, dərs və praktik situasiyaların təhlili, ailə və məktəb komandası ilə əməkdaşlıq, eləcə də Fərdi Tədris Planının (FTP) hazırlanması və tətbiqi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsinə yönəlib. Təlim proqramı praktik yanaşma əsasında qurulub və iştirakçılar real pedaqoji situasiyalar, rol oyunları, mentorluq simulyasiyaları və təcrübə mübadiləsi vasitəsilə peşəkar bacarıqlarını inkişaf etdiriblər.

Mentorluq fəaliyyətinə yeni cəlb olunan iştirakçılar üçün təşkil edilən təlimlərdə inklüziv təhsilin mahiyyəti və prinsipləri, normativ-hüquqi baza, əlilliyə sosial və tibbi yanaşma, uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, təlimin differensiallaşdırılması, inklüziv sinifdə qiymətləndirmə və mentorların fəaliyyət istiqamətləri barədə məlumat təqdim olunub.

Keçirilən ustad dərsləri və təlimlər mentorların peşəkar potensialının gücləndirilməsinə, inklüziv təhsil üzrə vahid metodoloji yanaşmanın tətbiqinə və məktəblərdə müəllimlərə göstərilən metodiki dəstəyin keyfiyyətinin artırılmasına xidmət edir.