Ümumi təhsil müəssisələrində metodik dəstəyin gücləndirilməsi və pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə sentyabrın 7-dən etibarən Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsi çərçivəsində regionlarda fəaliyyət göstərən məktəbdaxili metodistlər üçün təlimlərə başlanılıb.
Təlimlərdə Abşeron-Xızı RTİ, Gəncə-Daşkəsən RTİ, Qazax-Tovuz RTİ, Mərkəzi Aran RTİ, Mil-Muğan RTİ, Lənkəran-Astara RTİ, Qarabağ RTİ, Şəki-Zaqatala RTİ, Dağlıq Şirvan RTİ, Quba-Xaçmaz RTİ, Şərqi Zəngəzur RTİ, Şirvan-Salyan RTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin metodistləri iştirak edirlər.
Təlimlər zamanı iştirakçılar formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbdaxili metodik fəaliyyət və liderlik bacarıqlarının inkişaf etdirilməsi, təlim prosesində süni intellekt (Sİ) alətlərindən istifadə mövzuları üzrə nəzəri və praktik biliklər əldə edirlər. Eyni zamanda, təlimlər interaktiv metodlar əsasında təşkil edilir. İştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılır, real nümunələr əsasında müzakirələr keçirilir, situativ və tətbiqi xarakterli fəaliyyətlər həyata keçirilir.
Təlim müddətində həyata keçirilən interaktiv müzakirələr və praktiki fəaliyyətlər məktəbdaxili metodistlərin metodik kompetensiyalarının inkişafına, onların müasir metodik yanaşmalarla bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərir.