Azərbaycan və digər türk dillərində qıpçaq mənşəli sözlərin yayılma arealı (Məqalə)

Tarix: 16.09.2026
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşlarının həmmüəllifi olduğu növbəti elmi məqalə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən nəşr olunan və DergiPark platformasında indekslənən nüfuzlu “Türkoloji” jurnalının 2026-cı il sentyabr sayında işıq üzü görüb.

Filologiya elmləri doktoru, dosent Aynur Paşayeva və filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova (Ahmet Yəsəvi Universitetinin dosenti Janar Suinjanova ilə həmmüəlliflikdə) tərəfindən qələmə alınmış “Azərbaycan və digər türk dillərində qıpçaq mənşəli sözlərin yayılma arealı” («Distributional Areal of Kipchak-Origin Words in Azerbaijani and Other Turkic Languages») adlı tədqiqat işində Azərbaycan dilinin leksik-semantik, morfoloji və toponimik sistemində qıpçaq mənşəli elementlərin yeri müqayisəli-tarixi və regional linqvistik metodlar əsasında təhlil edilir.

​Tədqiqat çərçivəsində ilk dəfə olaraq Azərbaycanın toponimik xəritəsi, canlı xalq dialektləri və klassik ədəbi abidələr vahid elmi platformada araşdırılaraq, kuman, peçeneq və xəzər tayfalarının dilimizin formalaşmasındakı rolu elmi faktlarla əsaslandırılıb. Təhlillər Şimali Qafqazdan Anadoluya qədər geniş bir coğrafiyada yer-su adları və terminoloji uyğunluqları işıqlandırmaqla, Azərbaycan dilinin ümumtürk dil birliyi kontekstindəki strateji mövqeyini və Oğuz-Qıpçaq sintezindəki vasitəçilik rolunu bir daha nümayiş etdirir.

Aşağıdakı keçidə daxil olaraq məqalə ilə tanış ola bilərsiniz:

DISTRIBUTIONAL AREAL OF KIPCHAK-ORIGIN WORDS IN AZERBAIJANI AND OTHER TURKIC LANGUAGES