Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində təlimlərin ilkin mərhələsi uğurla başa çatıb.
31 avqust-4 sentyabr tarixlərində STEAM İnnovasiya Mərkəzində təşkil olunan təlimlərdə 23 məktəbi təmsil edən 43 nəfərdən ibarət pedaqoji heyət iştirak edib. Müəllimlər süni intellekt dövründə tədris, oyunlaşdırma, eləcə də layihə əsaslı öyrənmə metodları üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Həmçinin bu yanaşmaların dərs prosesində tətbiqi ilə bağlı müzakirələr aparıblar.
Sessiyalar çərçivəsində səriştələrin qiymətləndirilməsi və problemlərin innovativ həlli mövzularında fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçılar komanda şəklində müxtəlif interaktiv fəaliyyətlər icra edərək “Makey Makey” avadanlıq dəsti və “Scratch” proqramı ilə yaxından tanış olublar.
Təlimlərin növbəti mərhələsinin oktyabr-noyabr aylarında İsraildə keçirilməsi nəzərdə tutulub.