Oktyabrın 12-dən 15-dək Türkiyə Respublikasının İzmir şəhərində 1926-cı il Bakı I Türkoloji Qurultayının 100 illiyinə həsr olunan IV Türk Dünyasının Modernləşməsi Simpoziumu keçirilib. Tədbir Ege Universitetində təşkil olunub.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin rəhbəri, filologiya elmlər doktoru Aynur Paşayeva beynəlxalq elmi simpoziumda “I Türkoloji Qurultayda ortaq ədəbi dil məsələsi: nəzəri əsasları və müasir elmi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. A.Paşayevanın çıxışında türk xalqlarının ortaq yazılı irsi, türkoloji fikrin inkişaf mərhələləri, dil və əlifba məsələlərinin milli-mədəni kimliyin qorunmasındakı rolu, həmçinin ortaq dil ideyasının tarixi və müasir perspektivləri təhlil olunub. Eləcə də XIX əsrin ikinci yarısından etibarən türk xalqlarının dil və maarifçilik tarixində mühüm yer tutan İsmayıl bəy Qaspıralının fəaliyyəti, onun “Dildə, fikirdə, işdə birlik” ideyası və bu ideyanın türk xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə təsiri xüsusi şəkildə diqqətə çatdırılıb. İ.Qaspıralının “Tərcüman” qəzeti vasitəsilə ortaq ünsiyyət məkanının formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət türk dünyasında dil birliyi düşüncəsinin inkişafının mühüm mərhələsi kimi dəyərləndirilib.
Çıxışda 1926-cı il Bakı I Türkoloji Qurultayının türkologiya elminin tarixindəki yeri və əhəmiyyəti də geniş şəkildə işıqlandırılıb. Məruzədə, həmçinin, sonrakı dövrlərdə həyata keçirilən sovet dil və əlifba siyasətinin türk xalqlarının yazılı ünsiyyət ənənələrinə təsiri məsələsinə toxunulub. Əlifbaların dəyişdirilməsi, ədəbi dillərin müxtəlif istiqamətlərdə inkişafı və ortaq yazılı kommunikasiya imkanlarının zəifləməsi tarixi proseslərin qarşılıqlı əlaqəsi kontekstində nəzərdən keçirilib.
Məruzədə vurğulanıb ki, türk dünyasında dil birliyi ideyasının inkişafı ayrı-ayrı türk xalqlarının ədəbi dillərinin zənginliyini və özünəməxsusluğunu qorumaqla yanaşı, qarşılıqlı anlaşmanı asanlaşdıran elmi və mədəni əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini də tələb edir. Bu baxımdan, ortaq terminoloji yanaşmaların inkişafı, elmi informasiya mübadiləsinin genişləndirilməsi və ortaq mədəni irsin sistemli şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq simpoziumda təqdim olunan məruzə türk dünyasının dil tarixinin yalnız keçmişin öyrənilməsi baxımından deyil, həm də müasir dövrdə mədəni inteqrasiya və elmi əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından araşdırılmasının vacibliyini də ön plana çıxarıb.
ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin rəhbəri Aynur Paşayevanın beynəlxalq elmi platformada iştirakı institutun elmi fəaliyyətinin beynəlxalq müstəvidə təmsil olunması, türkoloji tədqiqatların inkişafı və ortaq dil-mədəniyyət irsinin öyrənilməsi istiqamətində elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, IV Türk Dünyasının Modernləşməsi Simpoziumu türk dünyasının zəngin dil tarixinin, ortaq yazılı irsinin, əlifba və dil siyasəti məsələlərinin, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və mədəni inteqrasiya perspektivlərinin elmi müstəvidə araşdırılmasına həsr olunub. Türkiyə, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan elmi tədqiqatçıları bir araya gətirən tədbir türkologiya elminin aktual problemlərinin müzakirəsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.