“İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici görüşlər davam edir

Tarix: 21.10.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici görüşlər keçirilir. Növbəti görüş Bakı şəhərindəki İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub.

Görüşdə ARTİ-nin şöbə müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov, böyük elmi işçilər Könül Mikayılova, Mətanət Qurbanova, elmi işçilər Gülnarə Şahmuradova və Günay Hüseynzadə mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.

Tədbirdə ibtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunmasında valideynlərin roluna xüsusi diqqət yetirilib və onlara tövsiyələr verilib. Bildirilib ki, bu məsələdə valideynlər yalnız nəzarətçi möqeyindən çıxış etməməli, daha təhlükəsiz rəqəmsal gələcək naminə yeni tərəfdaşa çevrilməlidirlər. Eyni zamanda, şagirdlərə internetdə şəxsi məlumatların qorunması, zərərli və şübhə doğuran məzmunlardan uzaq durulması, kiberzorakılıq və digər mövzularda geniş məlumat verilib.

Görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr də təqdim edilib və problemlə bağlı fikir mübadiləsi aparılıb.