Oktyabrın 26-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Psixologiya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi Turanə Hüseynova və Elmi kitabxananın aparıcı mütəxəssisi Səadət Abdullayevanın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində maarifləndirici görüş keçirilib.
Görüş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Murad Muradov narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətə və cəmiyyətə vurduğu zərər barədə məlumat verib, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Turanə Hüseynova mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin fiziki, psixoloji və sosial nəticələri, bu davranışa zəmin yaradan risk amilləri və profilaktik maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çıxış zamanı gənclərin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli təşkilinin vacibliyi vurğulanıb.