Noyabrın 3-də Bakı Dövlət Universitetində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində, Azərbaycan Respublikasının Təhsil İnstitutunda həyata keçirilən elmi-tədqiqat işi mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov mövzu üzrə təqdimatla çıxış edib. Məruzədə narkotik vasitələrin istifadəsinin insanın fiziki və psixoloji sağlamlığına, sosial münasibətlərinə və həyat keyfiyyətinə mənfi təsirləri izah olunub. Eyni zamanda, narkotik vasitələrin qeyri-tibbi istifadəsinə səbəb ola bilən psixoloji və sosial risk amilləri, onların erkən müəyyənləşdirilməsi və qarşısının alınması yolları diqqətə çatdırılıb.
Çıxışda gənclər arasında sağlam həyat tərzinin təşviqi, fərdi və psixoloji dayanıqlılığın inkişaf etdirilməsi, riskli davranışlara qarşı müqavimət bacarıqlarının formalaşdırılması, eləcə də maarifləndirmə fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi imkanları qeyd olunub. İnteraktiv müzakirə şəraitində davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.