Noyabrın 3-də Bakı şəhəri 59 nömrəli tam orta məktəbdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması və şagirdlər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində, Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan elmi-tədqiqat işi əsasında həyata keçirilib.
Məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlərin iştirakı ilə keçirilən görüşdə məktəblilərə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, sosial münasibətlərinə və gələcək həyatına vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya şöbəsinin müdiri Elxan Bəylərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Çıxış zamanı narkotik vasitələrin qeyri-tibbi istifadəsinə gətirib çıxara bilən psixoloji və sosial amillər, riskli davranışların formalaşma səbəbləri, onların erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması yolları izah olunub.
Eyni zamanda, yeniyetməlik dövründə yaşıdlarının təsirinə qarşı müqavimət göstərmək, düzgün qərar vermək, özünənəzarət və fərdi dayanıqlılıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Şagirdlərə çətin vəziyyətlərdə düzgün seçim etməyin, riskli təkliflərə “yox” deməyin və zəruri hallarda böyüklərə müraciət etməyin vacibliyi diqqətə çatdırılıb.
İnteraktiv müzakirə şəraitində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında məktəb rəhbərliyinin, müəllimlərin, psixololıqların və valideynlərin birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Tədbirdə bu istiqamətdə maarifləndirmə işinin, şagirdlərdə sağlam həyat tərzinə dair düzgün münasibətin və zərərli vərdişlərə qarşı şüurlu mövqeyin formalaşdırılmasının vacibliyi vurğulanıb.