Narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tarix: 06.11.2026
Paylaş:

Noyabrın 5-də Bakı şəhəri 29 nömrəli tam orta məktəbdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov tərəfindən Bakı şəhər 29 nömrəli tam orta məktəbdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat  işi əsasında həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Çıxış zamanı narkotik vasitələrin qeyri-tibbi istifadəsinə gətirib çıxara bilən psixoloji və sosial amillər, riskli davranışların formalaşma səbəbləri, onların erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması yolları izah olunub.

Eyni zamanda, yeniyetməlik dövründə yaşıdlarının təsirinə qarşı müqavimət göstərmək, düzgün qərar vermək, özünənəzarət və fərdi dayanıqlılıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Şagirdlərə çətin vəziyyətlərdə düzgün seçim etməyin, riskli təkliflərə “yox” deməyin və zəruri hallarda böyüklərə müraciət etməyin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu sahədə maarifləndirmə işinin davamlı və sistemli şəkildə təşkilinin vacibliyi vurğulanıb.