Noyabrın 3-5-də Bakı şəhərində yerləşən 7, 316 və 27 nömrəli tam orta məktəblərdə narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması və şagirdlər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində, Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan elmi-tədqiqat işi əsasında həyata keçirilib.
Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə təşkil olunan maarifləndirici görüşdə narkotik vasitələrin insan sağlamlığına, psixoloji rifahına, sosial əlaqələrinə və həyat perspektivlərinə mənfi təsirləri barədə məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya şöbəsinin aparıcı elmi işçisi Turanə Hüseynova mövzuya dair təqdimatla çıxış edib. Çıxış zamanı narkotik vasitələrin qeyri-tibbi istifadəsinə gətirib çıxara bilən psixoloji və sosial amillər, riskli davranışların formalaşma səbəbləri, onların erkən mərhələdə müəyyən edilməsi və qarşısının alınması yolları izah olunub.
Tədbirdə xüsusilə yeniyetmələrin həmyaşıdlarının mənfi təsirlərindən qorunması, müstəqil və məsuliyyətli qərarlar qəbul etməsi, özünənəzarət və psixoloji dayanıqlılıq bacarıqlarının möhkəmləndirilməsinin əhəmiyyəti ön plana çəkilib. Şagirdlərə riskli situasiyalarda düzgün davranış nümayiş etdirmək, zərərli təklifləri rədd etmək və ehtiyac yarandıqda etibar etdikləri böyüklərdən dəstək almaqla bağlı tövsiyələr verilib.
Görüş qarşılıqlı ünsiyyət və müzakirələr əsasında davam etdirilib. Şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb, onların fikirləri dinlənilib və müxtəlif situasiyalar ətrafında fikir mübadiləsi aparılıb. Sonda narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında məktəb rəhbərliyi, pedaqoji heyət, psixoloji xidmət və valideynlər arasında əlaqələndirilmiş əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.