24 oktyabr – 5 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşları Aqil Həsənov, Ayfər Şakirli və Gülbəniz Abdullayeva İsrailin Hayfa şəhərində təşkil olunmuş “Xüsusi və inklüziv təhsilə innovativ yanaşmalar” mövzusunda beynəlxalq təlim proqramında iştirak ediblər.
İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV), Golda Meir MASHAV Carmel Beynəlxalq Təlim Mərkəzinin (MCTC), Regional Əməkdaşlıq Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən proqramın əsas məqsədi xüsusi və inklüziv təhsil sahəsində erkən müdaxilə modelləri, məktəblərdə multidissiplinar komanda işi, köməkçi texnologiyaların tədrisə inteqrasiyası və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Proqram çərçivəsində İsrailin Təhsil Nazirliyi ilə yanaşı, bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinə, xüsusi təhsil və erkən müdaxilə mərkəzlərinə, eləcə də ali təhsil müəssisələrinə tanışlıq səfərləri təşkil olunub. Səfərlər zamanı inklüziv təhsil mühitinin təşkili, şagirdlərə fərdi dəstək mexanizmləri, müəllim və mütəxəssislərin birgə fəaliyyəti, alternativ kommunikasiya vasitələri və rəqəmsal təhsil texnologiyalarının tətbiqi ilə bağlı təcrübə öyrənilib.
İsrailin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər də keçirilib, müəllim hazırlığı, pedaqoji kadrların davamlı peşəkar inkişafı, innovativ tədris metodları və xüsusi təhsildə köməkçi texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, təlim çərçivəsində əldə olunan bilik və təcrübənin Azərbaycanda inklüziv təhsil üzrə metodiki dəstək mexanizmlərinin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı, məktəblərdə əlçatan və fərdiləşdirilmiş təlim mühitinin genişləndirilməsi istiqamətində tətbiqi nəzərdə tutulur.