UNEC nəzdində Qida Sənayesi Kollecində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tarix: 13.11.2026
Paylaş:

Noyabrın 12-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşı Ramilə Həsənovanın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Qida Sənayesi Kollecində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparılan “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işi  əsasında həyata keçirilib.

Tədbirdə Kollecin psixoloqu Bəsti Hacıyeva müasir dövrdə narkotik vasitələrdən istifadənin geniş yayılmasından və tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Ramilə Həsənova mövzuya dair təqdimatla çıxış edib.

Çıxış zamanı gənclərin zərərli vərdişlərdən qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və narkotik vasitələrin istifadəsinə qarşı düzgün münasibətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, bu sahədə qabaqcıl beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların əhəmiyyəti diqqətə çatdırılıb. Tələbələrə məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib və mövzu ilə bağlı suallar verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin davamlı və sistemli təşkilinin vacibliyi vurğulanıb.