Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi şöbəsi tərəfindən hazırlanan “Nümunə dərs nədir və hansı məqsədlərə xidmət edir?” adlı yazısını təqdim edirik.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji təcrübələrin paylaşılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə əməkdaşlığa əsaslanan öyrənmə mühitinin formalaşdırılması baxımından nümunə dərslərin təşkili mühüm əhəmiyyət daşıyır. Bu dərslər müəllim və metodistlər arasında həmkardan həmkara metodik dəstəyin göstərilməsinə, qarşılıqlı öyrənməyə və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.
Nümunə dərs müəllim və metodistlərin öz pedaqoji təcrübələrini həmkarları ilə bölüşdükləri, gündəlik tədris prosesində istifadə etdikləri təlim strategiyalarını real sinif mühitində nümayiş etdirdikləri, müşahidə və birgə müzakirələr əsasında qarşılıqlı öyrənmənin həyata keçirildiyi peşəkar inkişaf fəaliyyətidir.
Nümunə dərslərin əsas məqsədi bir müəllimin digərinə ideal dərs nümayiş etdirməsi deyil, həmkarların bir-birinin təcrübəsindən öyrənməsi, qarşılaşdıqları pedaqoji çətinlikləri birlikdə müzakirə etməsi və onların həlli üçün praktik yanaşmalar müəyyənləşdirməsidir. Bu proses müəllimlərin mövcud təcrübələrini paylaşmasına, fərqli metodik yanaşmalarla tanış olmasına və əldə etdikləri bilik və bacarıqları öz dərslərində tətbiq etməsinə imkan yaradır.
Nümunə dərslər ənənəvi açıq dərs formatından fərqli olaraq, xüsusi nümayiş məqsədilə hazırlanan və uzunmüddətli hazırlıq tələb edən fəaliyyət kimi nəzərdə tutulmur. Müəllimlərin nümunə dərs üçün günlərlə və ya həftələrlə əvvəlcədən xüsusi hazırlıq görməsinə, gündəlik tədris prosesindən fərqlənən dərs ssenariləri qurmasına və əlavə resurslar hazırlamasına ehtiyac yoxdur. Əsas məqsəd müəllimin adi dərs prosesində tətbiq etdiyi pedaqoji yanaşmaları həmkarları ilə bölüşməsi və həmin təcrübə əsasında birgə öyrənmə imkanlarının yaradılmasıdır.
Bu yanaşma müəllimlərin öz təcrübələrini sərbəst şəkildə paylaşmasına, həm uğurlu fəaliyyətlərini, həm də qarşılaşdıqları çətinlikləri açıq müzakirə etməsinə şərait yaradır. Nümunə dərslərdə əsas diqqət müəllimin fəaliyyətinin qüsursuz təqdim edilməsinə deyil, əməkdaşlıq, qarşılıqlı etimad və həmkar dəstəyi əsasında peşəkar inkişafın təmin olunmasına yönəldilir.
Nümunə dərslər necə təşkil olunur?
Nümunə dərslər müəllimlərin gündəlik tədris fəaliyyəti çərçivəsində, tədris proqramına və müvafiq dərsin təlim məqsədlərinə uyğun təşkil olunur. Dərsin keçirilməsi üçün ayrıca nümayiş ssenarisinin hazırlanması və ya təlim prosesinin süni şəkildə dəyişdirilməsi nəzərdə tutulmur. Müəllim dərsi adi qaydada planlaşdırır və həyata keçirir, həmkarları isə həmin dərsdə tətbiq olunan yanaşmaları və şagirdlərin öyrənmə prosesini müşahidə edirlər.
Metodik xidmət çərçivəsində nümunə dərslər iki istiqamətdə həyata keçirilir.
Aparıcı metodistlər tərəfindən keçirilən nümunə dərslər ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən onlayn formatda dinlənilir. Bu dərslərdə digər metodistlər də iştirak edərək aparıcı metodistin pedaqoji təcrübəsini müşahidə edir, tətbiq olunan təlim yanaşmaları ilə tanış olur və dərsdən sonrakı müzakirələrdə iştirak edirlər. Bu proses aparıcı metodistlərin öz təcrübələrini həmkarları ilə bölüşməsinə və metodistlərə praktik metodik dəstək göstərilməsinə imkan yaradır.
Metodistlərin keçdiyi məktəbdaxili nümunə dərslər isə aparıcı metodistlər tərəfindən dinlənilir. Həmin dərslərdə məktəbdaxili metodistin metodik xidmət göstərdiyi müəllimlər də iştirak edirlər. Müəllimlər həmkarlarının dərslərini müşahidə edir, fərqli təlim yanaşmaları ilə tanış olur və dərsdən sonra aparılan müzakirələrdə öz fikirlərini bölüşürlər. Aparıcı metodistlər bu prosesdə metodik dəstək göstərərək müzakirələrin müəllimlərin real peşəkar ehtiyacları istiqamətində aparılmasına kömək edirlər.
Dərslərin müşahidəsi zamanı aşağıdakı əsas pedaqoji və metodik məsələlər diqqət mərkəzində saxlanılır:
Bununla belə, müşahidə prosesi müəllimin fəaliyyətində nöqsan axtarılması və ya dərsin yalnız qiymətləndirilməsi məqsədi daşımır. Əsas diqqət tətbiq olunan yanaşmaların şagirdlərin öyrənməsinə təsirinin anlaşılmasına, uğurlu təcrübələrin paylaşılmasına və təkmilləşdirmə imkanlarının birgə müəyyənləşdirilməsinə yönəldilir.
Nümunə dərslərin ən mühüm mərhələlərindən biri dərsdən sonra təşkil olunan peşəkar müzakirələrdir. Bu müzakirələrdə iştirakçılar bərabərhüquqlu həmkarlar kimi öz müşahidələrini, fikirlərini və təcrübələrini bölüşürlər. Hər bir müəllim və metodist tətbiq olunan yanaşmalarla bağlı sual verə, alternativ üsul təklif edə, öz təcrübəsindən nümunələr göstərə və qarşılaşdığı çətinlikləri sərbəst şəkildə ifadə edə bilər.
Müzakirələrdə yalnız dərsin uğurlu tərəfləri deyil, gözlənilən nəticənin əldə olunmadığı məqamlar, şagirdlərin öyrənmə çətinlikləri və fərqli pedaqoji yanaşmaların mümkün nəticələri də nəzərdən keçirilir. Bu məsələlər müəllimin fəaliyyətinə irad bildirilməsi üçün deyil, birlikdə düşünmək, həll yolları axtarmaq və bir-birinin təcrübəsindən öyrənmək üçün müzakirə olunur.
Belə bir mühitdə müəllimlər öz fikirlərini bildirməkdən, sual verməkdən və ya fərqli yanaşma təklif etməkdən çəkinmirlər. Qarşılıqlı hörmətə və peşəkar etimada əsaslanan müzakirələr müəllimlər arasında əməkdaşlıq münasibətlərinin güclənməsinə və həmkardan həmkara dəstəyin davamlı xarakter almasına şərait yaradır.
Beləliklə, nümunə dərslər yalnız pedaqoji fəaliyyətin nümayişi ilə məhdudlaşmır. Bu dərslər müəllimlərin bir-birindən öyrəndiyi, təcrübələrini sərbəst paylaşdığı, çətinlikləri birlikdə müzakirə etdiyi və qarşılıqlı metodik dəstək göstərdiyi əməkdaşlıq mühitidir.
Gözlənilən nəticə müəllim və metodistlərin pedaqoji və metodik səriştələrinin inkişaf etdirilməsi, məktəblərdə peşəkar əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi, səmərəli təlim təcrübələrinin yayılması və əldə olunan bilik və bacarıqların gündəlik tədris prosesində tətbiqinin təşviq edilməsidir.
Nümunə dərsin əsas dəyəri müəllimin nə qədər mükəmməl dərs nümayiş etdirməsində deyil, həmin dərsin həmkarlar üçün nə dərəcədə faydalı öyrənmə və inkişaf imkanları yaratmasındadır.
Nümunə dərslərin sistemli təşkili məktəblərdə qarşılıqlı öyrənmə mədəniyyətinin formalaşmasına, müəllimlərin bir-birinə metodik dəstək göstərməsinə və təlim-tədris prosesinin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsinə xidmət edir.