“Milli Kvalifikasiyalar Çərçivəsi” və “Qeyri-formal və İnformal Təhsilin Tanınması” mövzusunda təlim keçirilib

Tarix: 08.05.2023
Paylaş:

5 may 2023-cü il tarixində ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Gülnar Tahirli və Kəmalə Səmədzadə tərəfindən “Milli Kvalifikasiyalar Çərçivəsi” və “Qeyri-formal və İnformal Təhsilin Tanınması” mövzusunda təlim keçirilib.

Təlimçi Gülnar Tahirli milli kvalifikasiyalar çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verib. Təlimdə AzMKÇ-nin məqsədləri,  səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və tanınmasında daşıdığı funksiyalar barəsində ətraflı informasiya təqdim edilib.

Qeyri-formal və İnformal Təhsilin Tanınması (QFİTT) barədə məlumat verən Kəmalə Səmədzadə  dünyada QFİTT üzrə ən yaxşı təcrübələr, QFİTT qiymətləndirilməsinin mahiyyəti, qiymətləndiricilərin əsas xüsusiyyətləri, qiymətləndirmə metodları, Azərbaycanda QFİTT-in həyata keçirilməsi təcrübəsi barəsində əhatəli təqdimat edib. Təlimçi həmçinin, ölkəmizdə QFİTT prosesinin hüquqi əsasları və əsas icraçısı olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi haqqında danışıb. 

Qeyd edək ki, daha sonra təlim sessiyası sual-cavab formatında davam edib.