ARTİ əməkdaşlarının həmmüəllifi olduğu növbəti məqalə beynəlxalq jurnalda nəşr olundu

Tarix: 08.05.2023
Paylaş:

ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Könül Abaslının və ARTİ-nin doktorantı Abdulxaliq Məmmədlinin həmmüəllifi olduğu “University Students’ First Online Exam Experience: Is It Stressful or Joyful?” (Universitet tələbələrinin ilk onlayn imtahan təcrübələri: Streslidir yoxsa əyləncəli?) başlıqlı məqalə müxtəlif verilənlər bazasına daxil olan “Higher Learning Research Communications” jurnalında nəşr olunub.

Tədqiqatın əsas məqsədi Azərbaycandakı bir ali təhsil müəssisəsində müxtəlif fakültələrdə təhsil alan bakalavr tələbələrinin pandemiya dövründə onlayn imtahan prosesi ilə bağlı təcrübələrini öyrənmək olmuşdur. Təhlil nəticələri göstərmişdir ki, tələbələr imtahan prosesinin onlayn təşkilinin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu düşünürlər. Belə ki, tələbələr imtahanların onlayn qaydada keçirilməsinin vaxta qənaət, xərclərin az olması, imtahan nəticələrinin qısa müddətdə öyrənilməsi kimi müsbət yönlərinin olduğunu vurğulayıblar. Texnoloji infrastrukturun çatışmazlığı, internetə çıxış və akademik dürüstlük kimi müxtəlif problemlər isə onlayn imtahanların mənfi tərəfləri kimi qiymətləndirilib.

Tədqiqatın yekununda imtahan prosesində qarşıya çıxan texniki problemlər və onların qısa zamanda həll oluna bilməməsinin, həmçinin təhsilverənlərin imtahanların onlayn təşkili ilə bağlı qənaətbəxş səviyyədə biliyə sahib olmamasının ümumilikdə prosesin səmərəli təşkilinə mane olduğu qənaətinə gəlinib.

Məqalə ilə ətraflı tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://scholarworks.waldenu.edu/hlrc/vol13/iss1/3/