“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” adlı layihənin icrasına start verilib

Tarix: 31.03.2022
Paylaş:

Avropa İttifaqı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” adlı layihənin icrasına başlanılıb.

İki mərhələdən ibarət olan layihənin əsas məqsədi ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin etməkdir.

Layihə çərçivəsində ümumi təhsil pilləsində tətbiq olunan dərslik komplektlərinin gender bərabərliyinin təşviqi baxımından nəzərdən keçirilməsi, rəy və təkliflərin verilməsi və nəşriyyat evləri, dərslik müəllifləri və ümumi təhsil müəssisələrinin müəllim heyəti üçün tədris prosesində gender bərabərliyinin qorunması məqsədilə təlimlərin təşkil olunması nəzərdə tutulur.

Layihənin başlanması münasibətilə BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fərid Babayev qeyd edib ki, bu gün ölkədə baş verən inkişaf templərinə baxmayaraq, gender əsaslı ayrıseçkilik və zorakılıq halları bu proseslərə mənfi təsir göstərir. Bu hallarla mübarizəni effektiv şəkildə təşkil etmək üçün ayrıseçkilik və zorakılığa şərait yaradan mövcud sosial normaların transformasiyası zəruridir: “Buna isə nə qədər erkən yaşdan başlasaq, o qədər daha yaxşı nəticə əldə edəcəyik. Bu baxımdan, ARTİ ilə başladığımız bu layihədən gözləntilərimiz böyükdür”, deyə F.Babayev əlavə edib.

ARTİ-nin direktoru Rüfət Əzizov şagirdlərdə erkən yaşlardan gender yönümlü yanaşmanın formalaşdırılması üçün ilk öncə məktəb rəhbərliyi, müəllimlər və ailə üzvləri ilə bir sıra işlərin görülməsinin zəruri olduğunu bildirib. “İnanırıq ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrinin inzibati və pedaqoji heyətinin, ailə üzvlərinin bu yöndə təlimləndirilməsi məktəb yaşlarından şagirdlər arasında gender stereotiplərinin qarşısının alınmasına dəstək olacaqdır”, deyə R.Əzizov əlavə edib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko məktəblər və dərsliklərin gender rollarının öyrənilməsində fundamental rola malik olduğunu və bu baxımdan sözügedən layihənin vacibliyini vurğulayıb. “Məktəblər və orada istifadə olunan dərs vəsaitləri gender bərabərliyinə nail olmaq üçün potensial vasitələrdəndir və qadın və kişilər arasında münasibətləri formalaşdıran normaları, inancları, təcrübələri və biliyi müəyyən edir”, deyə səfir P.Mixalko əlavə edib. 

Qeyd etmək lazımdır ki, “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində Təhsil İnstitutu tərəfindən hazırlanan və ümumi təhsil müəssisələrində tətbiq edilən 7 dərslik komplektinin məzmununun genderə həssas prizmadan nəzərdən keçirilməsi, 100-dək dərslik müəllifi və aidiyyatı tərəflərə ümumi təhsil pilləsi üçün gender baxımından məqbul məzmun yaratma bacarığının artırılması və 3000-dək müəllimə müxtəlif tədris metodlarına gender əsaslı yanaşmanın tətbiq edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Təhsil İnstitutu tərəfindən hazırlanan və özündə gender yönümlü yanaşmanı ehtiva edən Məktəbin İnkişaf Planı çərçivəsində seçilmiş 50 məktəbin inzibati heyətinə məktəbin gündəlik fəaliyyətlərində gender məsələlərinin nəzərə alınması və 1500-dək şagirdinə gender bərabərliyi konsepsiyası barədə məlumatlar veriləcək, 3000 valideyn isə müsbət valideynlik, eləcə də cinsindən asılı olmayaraq övladlarının bərabər qaydada səlahiyyətləndirilməsi kimi mövzularda praktik məlumatlar əldə edə biləcəklər.

Qeyd edək ki, 2022-ci ilin sonunadək davam edəcək layihə BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.