ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması istiqamətində məktəblərə metodik xidmətin göstərilməsi prosesi davam etdirilir.
Bu məqsədlə 8-16 may tarixlərində 18, 38, 51, 75 və 154 nömrəli tam orta məktəblərdə fənn müəllimləri ilə metodik görüşlər keçirilib. MİP-ə əsasən təşkil edilən görüşlər müəllimlərin məktəbdaxili qiymətləndirməyə dair bilik və bacarıqlarının artırılmasına yönəlib.
Görüşlərdə müəllimlərlə summativ qiymətləndirmənin məqsədləri, üsul və vasitələri müzakirə olunub, sualların tərtibi zamanı diqqət olunmalı məqamlar, nəzəri məlumatlar əsasında praktiki tapşırıqlar yerinə yetirilib. Eyni zamanda, müəllimlərin hazırladıqları summativ qiymətləndirmə nümunələri də təhlil olunub.
Metodik görüşlər zamanı qrup işlərinin müzakirəsi aparılıb, fərdi şəkildə rəylər verilib və müvafiq suallar cavablandırılıb.
Qeyd edək ki, metodik görüşlərin tədris ilinin sonunadək keçirilməsi nəzərdə tutulur.