Məktəbin İnkişaf Planı çərçivəsində metodik dəstək göstərilən məktəblərdə qarşılıqlı dərsdinləmələr davam edir

Tarix: 25.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin (MDPİM) təşəbbüsü ilə Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində metodik dəstək göstərilən məktəblərdə qarşılıqlı dərsdinləmələr davam edir.

Qeyd edək ki, qarşılıqlı dərsdinləmə prosesinin ilkin mərhələsində A.Aqarunov adına 154 nömrəli tam orta məktəbin 10 nəfərdən ibarət müəllim heyəti X.Vəliyev adına 75 nömrəli məktəbdə ümumilikdə 20 dərsdinləmə həyata keçiriblər.

Budəfəki görüş isə 24 may tarixində 154 nömrəli məktəbdə təşkil edilib. 75 nömrəli tam orta məktəbin 16 nəfər Azərbaycan dili, riyaziyyat, ibtidai sinif, coğrafiya, tarix, fizika, biologiya, rus və ingilis dili müəllimi müvafiq olaraq 154 nömrəli məktəbə gələrək ümumilikdə 18 dərsdinləmə prosesində iştirak ediblər.

Dərsdinləmə prosesi yekunlaşdıqdan sonra hər iki məktəbin müəllim və idarəetmə heyəti MDPİM əməkdaşları ilə birlikdə müzakirələr aparıblar. Müəllimlər dərsdinləmə zamanı müşahidə etdikləri məqamları, həmkarlarının dərsləri ilə bağlı qeydlərini bildirib və öz təcrübələrini bölüşüblər.

Xatırladaq ki, qarşılıqlı dərsdinləmələrin məqsədi müəllimlərin peşəkar inkişafını təmin etmək üçün məktəblər arasında təcrübə mübadiləsi və əməkdaşlıq mühiti formalaşdırmaq, həmçinin müəllim ünsiyyətini daha da genişləndirməkdən ibarətdir.

MDPİM tərəfindən metodik xidmət göstərilən məktəblər arasında mütəmadi olaraq qarşılıqlı dərsdinləmələrin keçirilməsi planlaşdırılır.