ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.
Bu məqsədlə Elm və Təhsil Nazirliyinin pilot layihəsi olan “Regionlarda müasir metodik xidmətin təşkili” üzrə regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş 66 pilot məktəbə prosesin səmərəli təşkili və icra olunmasına kömək məqsədilə metodik dəstək göstərilir.
23-26 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Nəsimi rayonu 164 nömrəli tam orta məktəb, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbdə metodik görüşlər keçirilib.
Metodik dəstək istiqamətində metodbirləşmə rəhbərləri, direktor və direktor müavinləri ilə ümumi və fərdi görüşlər təşkil edilərək keçirilmiş dərsdinləmələr zamanı müşahidə olunan qeydlər barəsində danışılıb.
Metodbirləşmə rəhbərləri ilə görüşlərdə pedaqoji prosesdə yaranan çətinliklər, metodik dəstəyin göstərilməsi zamanı diqqət yetirilməli əsas məqamlar, KSQ və BSQ suallarının tərtibi qaydaları və keyfiyyəti haqqında müzakirələr aparılıb, eləcə də iştirakçıların sualları cavablandırılıb.
Müəssisələrin pedaqoji heyəti ilə keçirilən ümumi görüşdə isə iştirakçıların təlim ehtiyaclarına uyğun dəstəyin davam etdirilməsi və həyata keçiriləcək bir sıra fəaliyyətlər barəsində müzakirələr aparılıb.
Qeyd edək ki, ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili və prosesin gedişatını izləmək üçün mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.