“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” adlı layihənin ikinci fazasının icrasına başlanılıb

Tarix: 30.05.2023
Paylaş:

BMT-nin Əhali Fondu (BMTƏF) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin ikinci fazası çərçivəsində 26 may tarixində məktəb direktorları ilə görüş keçirilib.

Görüş zamanı ARTİ-nin direktor müavini Ülkər Babayeva müvafiq fəaliyyətlərin icrası üçün seçilmiş 10 ümumi təhsil müəssisəsinin rəhbərliyinə layihənin ilkin fazasında görülən işlər və cari fazanın hədəf və məqsədləri haqqında məlumat verib. Bundan əlavə, məktəb rəhbərliyi ilə genderə həssas məktəb mühitinin təmin olunması üçün sistemli addımlardan bəhs edilib.

Görüşdə həmçinin BMTƏF-in nümayəndəsi Səbinə Manafova iştirak edib. O Azərbaycanda yenidoğulanlar arasında hər 112 oğlana 100 qızın düşdüyünü, müəllimlərin tədris-təlim prosesi zamanı istifadə etdikləri terminlərin, genderə nümayiş etdikləri yanaşmaların bütün şagirdlərin gələcəyi üçün vacibliyini qeyd edərək layihənin və maarifləndirmə işlərinin məktəb dövründən başlamasının əhəmiyyətini bir daha vurğulayıb.

Məktəb rəhbərliyi görüşdə gender məsələləri ilə bağlı təcrübələrini bölüşüb, şagirdlər üçün genderə həssas mühitin yaradılmasında məktəb-valideyn əməkdaşlığının mühüm rol oynadığını bildiriblər.