“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsinin ekspertləri haqqında məlumat

Tarix: 31.05.2023
Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Respublikasının Təhsil İnstitutunun əsas benefisiarı olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsinə 2023-cü ilin fevral ayından start verilmişdir. Sözügedən layihə üç komponentdən ibarətdir. Bu komponentlərin hər birindən 3 fərqli ekspert məsuliyyət daşıyır. Onlar haqqında məlumat aşağıda qeyd olunmuşdur.

Komanda rəhbəri və əsas ekspert 1. Dr. Rainer Gerke-nin əsas vəzifəsi Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin (MKÇ) bir hissəsi kimi MKÇ 5-ci səviyyəyə uyğun təhsil və təlimi gücləndirmək və daha da inkişaf etdirmək üçün Azərbaycanda müvafiq qurumlara dəstək verməkdir.

Dr. Rainer Gerke peşə təhsili və təlim sistemlərində 30 ildən çox təcrübəyə malikdir. Beynəlxalq komandaların rəhbərliyi ilə bağlı 10 ildən çox təcrübəsi olan Rainer insan və layihə idarəetməsində olduqca təcrübəlidir. Rainer islahat prosesləri və dual/kooperativ peşə təhsili sahəsində geniş təcrübəyə malik olmaqla yanaşı, peşə təhsili müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın qurulması üzrə peşəkardır. Onun həm də yüksək texniki peşə təhsilinin rəhbərliyi və müəllimlərinə təlim keçməklə bağlı təcrübəsi vardır. O, Orta Şərq, Asiya və Afrikada tərəfdaş müəssisələr üçün potensialın artırılması fəaliyyətləri, dövlət və özəl sektorlar arasında şəbəkələşmə daxil olmaqla, maraqlı tərəflərlə işləməkdə təcrübəlidir.

Əsas ekspert 2. Mariana Matache məzunların əmək bazarına inteqrasiyasına nail olmaq üçün Azərbaycanda müvafiq qurumlara dəstək göstərməkdən məsuldur.

Yaşlılar üçün təhsil, ömürboyu təhsil və peşə təhsili sahələrində mütəxəssis olan Mariana Matache 20 ildən çox təcrübəsi ilə Şərqi Avropanın və Avropanın müxtəlif ölkələrində layihələr üzərində çalışmış, Brüsseldə Avropa Yaşlılar Təhsili Birliyinin İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. Onun fəaliyyəti karyera bələdçiliyi və məsləhəti, potensialın artırılması, qeyri-formal və informal təhsilin tanınması, layihələrin koordinasiyasını və icrasını əhatə edir. 2005-ci ildən etibarən Rumıniyada “Asociatia EURO ADULT EDUCATION”-ın təsisçisi və prezidenti kimi o, yaşlılar təhsili və peşə təhsili sahələrində mütəxəssisləşmişdir. Ən son olaraq, o, Makedoniyada yaşlılar təhsili sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün aparılan islahatlara rəhbərlik etmişdir.

Əsas ekspert 3. Boris Curkovic dəyişən kontekstə daha hazırlıqlı olmaq üçün Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsindən məsuldur.

Boris 27 ildən artıq peşəkar təcrübəyə malik, o cümlədən 20 ildən artıq təhsil sahəsində rəhbər vəzifələrdə çalışmış beynəlxalq məsləhətçidir. O, ümumi, peşə və ali təhsil daxil olmaqla, təhsilin bütün səviyyələrini əhatə edən təhsil strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsində çalışmış, çoxsaylı təhsil layihələri və islahatlar təşəbbüslərinə rəhbərlik etmiş və onlara töhfə vermişdir. Onun əsas təcrübə sahələrinə səriştə əsaslı kurikulumun hazırlanması, həm məktəb, həm də kənar qiymətləndirmə sistemlərinin inkişafı, müəllim yetişdirmə və təkmilləşdirmə proqramları və onların davamlı peşəkar inkişafı daxildir. Boris, həmçinin, əsas səriştələr, ömürboyu öyrənmə, məktəb idarəçiliyi, keyfiyyət təminatı, kvalifikasiyalar çərçivələri və kredit sistemlərində dərin biliklərə malikdir.