ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
Budəfəki seminarlar Bakı şəhərində yerləşən 64 və 45, həmçinin Sumqayıt şəhərində yerləşən 27 nömrəli tam orta məktəblərdə keçirilib.
8 iyun tarixində Bakı şəhəri, 64 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin müəllimi Esmira Talıbova VII sinif həyat bilgisi dərsliyində olan “Mənəvi borc” mövzusu üzrə icmal təqdim edib. İcmala əsasən standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, motivasiyanın mahiyyəti və başlıca xüsusiyyətləri, yaradıcı tətbiqetmə, tapşırıqların seçilməsi, dərsdə istifadə olunan iş üsul və formaları, qiymətləndirmə meyarları və ümumilikdə həyat bilgisi fənninin tədrisi məsələləri müzakirə edilib.
12 iyun tarixində Sumqayıt şəhəri, 27 nömrəli tam orta məktəbdə keçirilən seminarda ibtidai sinif müəllimi Azadə Abdinova icmal təqdim edib. Mövzu isə III sinif riyaziyyat dərsliyində olan “Fəza fiqurları” olub. Seminar zamanı dərsin planlaşdırılması, təlim məqsədinin müəyyənləşdirilməsi, resurslardan istifadə, qrup tapşırıqlarının hazırlanması, refleksiya, şagirdlərlə işin təşkili, qiymətləndirmə meyarları məsələləri ətrafında müzakirələr aparılıb.
13 iyun tarixində Bakı şəhəri, 45 nömrəli tam orta məktəbdə keçirilən növbəti seminar isə Azərbaycan dili fənni üzrə olub. Məktəbin ibtidai sinif müəllimi Təranə Babayeva IV sinif dərsliyində olan “Cümlə üzvləri” mövzusunda icmal təqdim edib. Seminarda dərsin məqsədi, tapşırıqların dərsin məqsədinə uyğun hazırlanması, istifadə olunan metodlar, qiymətləndirmə meyarları, standartın reallaşdırılması məsələləri müzakirə olunub.
Hər üç seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.