Təhsilverənlərin sertifikatlaşdırma prosesinə dair brifinq keçirilib

Tarix: 19.06.2023
Paylaş:

19 iyunda sertifikatlaşdırma prosesi haqqında baş tutan brifinqdə sertifikatlaşdırmanın müəllimlərin davamlı inkişaf prosesi olduğu və həmçinin sertifikatlaşdırmadan keçən müəllimlərin tədris prosesində daha üstün səriştə və bacarıq sərgilədiyi vurğulanıb. Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə əmək fəaliyyətinə başlayan müəllimlərin hamısının sertifikatlaşdırmada uğur qazandığı qeyd edilib.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ötən il 11 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb olunduğunu və onlardan 80 faizinin (8843 nəfər) keçid balını topladığını qeyd edib. Daha sonra o, bildirib ki, bu il də sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq və gələcəkdə digər motivasiya xarakterli addımlar atılacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək.

Rüfət Əzizov 20 iyun tarixindən 28 min müəllim üçün sertifikasiya imtahanının başlayacağını, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləri olduğunu deyib. R. Əzizov test mərhələsinin 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutmaqla imtahanın sabah gün ərzində, səhər və günorta olmaqla 2 seans təşkil ediləcəyini bildirib. R.Əzizov söyləyib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək.

Qeyd edək ki, brifinqdə ARTİ-nin direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, ARTİ-nin İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Sertifikatlaşdırma Şurasının katibi Tükəzban Quliyeva və media nümayəndələri iştirak edib.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.