ARTİ peşəyönümü xidmətinin təşkili üçün vəsait hazırlayıb

Tarix: 04.08.2021
Paylaş:

Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur. Bu məqsədlə ARTİ “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub. Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Həmçinin vəsaitdən təhsil mütəxəssisləri və tədqiqatçıları, tələbələr, valideynlər də istifadə edə bilər.

Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.

Bundan əlavə, vəsaitdə, şagirdlərin peşə seçimi ilə bağlı maarifləndirici məzmunla yanaşı, tədris işçiləri, şagirdlər və valideynlər üçün sorğu anketləri də yer alıb. Belə ki, peşə seçimində şəxsi motivlərin rolunun, daxili və xarici motivlərin, peşənin cəmiyyətdə rolu və maddiyyat motivinin müəyyənləşdirilməsi, fərdin peşə yönümünün növünün təyin edilməsi, şagirdlərin müxtəlif fəaliyyət sahələrinə olan maraqlarının müəyyən olunması, fəaliyyət sahələri üzrə “maraqlar və meyllər” kimi sorğu anketləri və şagirdin peşəyönümü üzrə valideynlər üçün sorğu vəsaitə daxil edilib.

ARTİ tərəfindən hazırlanmış vəsaitdə müasir dövrdə texnologiyaların sürətlə inkişafının, iqtisadiyyatın dinamikasının yerli və xarici əmək bazarındakı peşələrə ciddi təsir göstərməsi ön plana çəkilib. Bu baxımdan STEAM metodologiyasının peşəyönümü işinin təşkilində istifadəsinə, sahibkarlıq və təşəbbüskarlıq fəaliyyətləri istiqamətinə də diqqət ayrılıb.

Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran mühüm vəzifələrdən biridir. Məhz bu səbəbdən sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümü işinin təşkil edilməsində pedaqoji heyətə dəstək və şagirdlərin peşə seçimində düzgün qərar vermələri məqsədilə hazırlanıb. Vəsait şagirdlərin peşəyönümü işinin təşkili ilə bağlı müxtəlif vasitələr, üsullar və metodları əhatə etdiyi üçün peşə seçimi edən hər bir gəncə yol xəritəsi, onların müəllim və valideynlərinə isə metodik yardımçı olacaq.

Peşəyönümü xidmətinin həyata keçirilməsində ümumtəhsil müəssisələrinin bir çox pedaqoji işçiləri kompleks şəkildə çalışırlar. Bu xidmətin yerinə yetirilməsini bilavasitə icra edən pedaqoji işçilər daima müasir əmək bazarının tendensiyaları, ölkə üzrə, regional və spesifik bölgədə təhsil və məşğulluq imkanları barədə məlumatlı olmalı, regional məşğulluq mərkəzləri ilə əməkdaşlıq etməlidirlər.

Müasir dünyada elm və texnologiyanın sürətli inkişafı bir tərəfdən əl əməyindən istifadəni azaldır, istehsalı asanlaşdırır və əlçatan edir, az vaxta daha çox və keyfiyyətli iş icrasına imkan yaradır, digər tərəfdən isə ortaya bir sıra çətinliklər çıxır. Bu çətinliklər mövcud kadr potensialının bu texnoloji yeniliklərin tələblərinə uyğun hazırlığı məsələsidir. Əgər insan resurslarımızı təhsil yolu ilə bu texnoloji yeniliklərə planlı şəkildə uyğunlaşdıra bilsək, qeyd olunan çətinliyin zamanla aradan qalxdığının şahidi olarıq. Bunun üçün ümumtəhsil dövründən başlayaraq təhsilalanları bir sıra yeni peşələr və onların tətbiq sahələri ilə tanış etmək labüddür.

Peşəyönümü işində sahibkarlığın da əhatə olunmasının mühümlüyü nəzərə alınaraq, sahibkarlıq səriştəsinin əhəmiyyəti təhsilin müxtəlif pillələrində sahibkarlıq modulunun təhsil proqramlarına (kurikulumlarına) daxil edilməsi, təhsilalanlar üçün müxtəlif təlimlərin təşkili, sahibkar düşüncə tərzinin formalaşmasının təşviq edilməsini zəruri edib. Ölkədə sahibkar düşüncə tərzinin inkişafı, sahibkarlığın təşviqi, sahibkarlıq səriştələrinin formalaşdırılması ümumi təhsil müəssisələrində peşəyönümü ilə bağlı fəaliyyətdə öz əksini tapmalıdır.

İbtidai təhsil səviyyəsində peşəyönümü işinin təşkili daha çox məlumatlandırma, maarifləndirmə işi ilə xarakterizə olunur. Bu səviyyədə, əsasən, peşə marağının və qabiliyyətlərin öyrənilməsi, maarifləndirmə tədbirlərinin fənlərin və dərsdənkənar məşğələlərin məzmununda yer alması nəzərdə tutulur.

Ümumi orta təhsil səviyyəsində peşəyönümü tədbirlərinin təşkili isə peşə fəaliyyətinə şəxsi marağın artması, öz maraq, meyl və imkanları barədə fikirlərinin formalaşması, müxtəlif sosial və peşə praktikası sahələrində (incəsənət, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və s.) ilkin təcrübənin əldə olunması, artıq təhsilalanların əmək fəaliyyətinin konkret növləri ilə tanışlığı, fərdin maraq və meyllərinə uyğun gələcək təhsil istiqaməti və peşə seçimi barədə adekvat qərar qəbul etməsi, müxtəlif peşələrə istiqamətləndirilməsi ilə səciyyələnir.

Tam orta təhsil səviyyəsində artıq təhsilalanların böyük bir qismi gələcək təhsil və peşə inkişafı ilə bağlı müəyyən planlara malik olurlar. Peşə planlarına bu mərhələdə erkən korreksiyaların edilməsi resurslara qənaət edilməsi, gələcəkdə təhsilalanların düzgün seçim etməməsi ilə bağlı məyusluğun aradan qaldırılması baxımından əhəmiyyətlidir. Bununla əlaqədar olaraq, vəsaitdə yer alan müxtəlif diaqnostik testlərin və təhsil müəssisələrinin maarifləndirmə tədbirlərinin tədris ilinin əvvəlinə planlaşdırılması prosesin effektivliyini təmin edəcək.

Peşəyönümü işi məktəbdə aparılan bütün təlim və dərsdənkənar tədbirlər sisteminə daxil olduğundan mürəkkəb, çoxcəhətli, geniş və məqsədyönlü fəaliyyət tələb edir. Yalnız dəqiq planlaşdırdıqda bu fəaliyyətin təkmilləşdirilməsinə və optimal yollarla aparılmasına imkan verən tədbirləri qabaqcadan müəyyənləşdirmək mümkündür. Bu cəhətdən məktəbdə peşəyönümü işinin düzgün planlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məktəbdə peşəyönümü işinin planlaşdırılması mürəkkəb bir proses olub, pedaqoji kollektivlərin, təhsil və əmək müəssisələri nümayəndələrinin, məktəb və ictimaiyyətin birgə fəaliyyətini tələb edir.

Peşə təmayüllü siniflərdə ölkə və regional səviyyədə mövcud olan əmək bazarı ehtiyacları nəzərə alınmaqla, praktik bilik və bacarıqların formalaşdırılması üçün müxtəlif peşə sahələrinə aid modullar tədris edilir.

Qeyd etmək lazımdır ki, ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilinə pedaqoji işçilərlə yanaşı, təhsilalanların valideynləri də cəlb olunur. Valideynlər övladlarının peşə seçimində mühüm rola malikdirlər. Uşaqlar peşələr haqqında ilkin təsəvvürləri məhz valideynlərinin, yaxın qohumlarının peşəsi vasitəsilə əldə edirlər. Bu və ya digər peşəyə qarşı təhsilalanlarda münasibət həm valideynlərin öz peşəsinə qarşı münasibəti, həm də valideyn-övlad münasibətlərinin xüsusiyyətləri ilə səciyyələnir.

Vəsaiti əldə etmək üçün keçidə daxil ola bilərsiniz.