Bu gün təhsil insanın düşünmə tərzini, iş qabiliyyətini və qərarvermə prosesini formalaşdıran ən vacib vasitədir. Tədrisin təkmilləşdirilməsində metodist nəzarətini təmin etmək müəllimlərin tədris məqsədlərinə çatmasına yardımçı ola biləcək bir strategiyadır. Bir çox tədqiqatçı hesab edir ki, metodistin fəaliyyəti dərs fəaliyyətinin inkişaf etdirilməsi və şagirdlərin uğuruna gətirib çıxarır.
İndiki dövrdə metodistlik fəaliyyətinin məqsədi müəllimin fəaliyyətini qiymətləndirməkdən çıxmış və müəllimlərin kəsilməz inkişafının təmin olunmasına doğru yönəlmişdir. Metodistlik anlayışı dəyişmiş və məktəbdaxili əməkdaşlıq çərçivəsində təlimin inkişaf etdirilməsinə yönəlmişdir[1]. Bu, seminarlar, təlim kursları və s. kimi bir çox metoddan istifadə edərək müəllimlərin ehtiyaclarının qarşılanması məqsədilə onlara rəhbərlik etməyin bir formasıdır. Metodistlik təlim-tədris prosesinin yaxşılaşdırılması məqsədilə müəllim və metodist arasında daimi əlaqə saxlamaqla şagirdlərə və müəllimlərə bərabər əhəmiyyət verir.
Metodistin işi müəllimlərin dərs keçmək tərzini kökündən dəyişmək deyildir. Əsas vəzifə müəllimlərin gələcək inkişaflarına müəyyən istiqamətlər vermək və dəstək göstərməkdir. Peşəkar metodist müəllimlərin öz bacarıqlarını kəşf etmələrinə və bununla qürur duymalarına, peşəkar inkişaflarında bu bacarıqları uğurlu tətbiq etmələrinə yardımçı olmalıdır. Metodist vahid yanaşma seçmək əvəzinə hər bir müəllimin individual ehtiyaclarına uyğun yanaşmaqla daha faydalı xidmət göstərə bilər[1].
Səmərəli metodistlik fəaliyyətinin aşağıdakı üç dövri fəaliyyət addımı müəyyən edilmişdir[2]:
Müşahidə – müəllimin tədris mühitində birbaşa monitorinqi nəzərdə tutulur. Müşahidə müəllimin tədris metodlarını hansı səviyyədə tətbiq etdiyini öyrənməyə imkan yaradır. Bu da metodistə həmin metodların tətbiqini modelləşdirmək fürsəti verir. Beləliklə, müşahidə mərhələsi metodistin digər fəaliyyətlərinə giriş mərhələsi hesab edilir və adətən, digər mərhələlərlə vəhdət təşkil edir.
Modelləşdirmə – metodistin bir metod və ya praktikanın necə tətbiq edilməsini göstərməsi ilə həyata keçirilir. Bu proses metodist tərəfindən müəllimin bir metodu və ya praktikanı şagirdlərlə düzgün tətbiq etmədikdə və ya ümumiyyətlə tətbiqini bilmədikdə icra edilir. Modelləşdirmə daha çox şagirdsiz mühitdə, məsələn, müəllimlərin təlimi və ya müşahidə sonrası toplantılarda həyata keçirilə bilər. Sinifdaxili modelləşdirmənin əsas məqsədi metodikanın düzgün tətbiqini və bunun şagirdlərin nəticələrinə təsirini müəllimin əyani şəkildə görməsidir [4].
Rəyvermə – metodist fəaliyyətinin üçüncü mərhələsi olub müəllimə tədris təcrübəsi barədə məlumat almağa səbəb olur. Tədqiqatlar göstərir ki, verilən rəy spesifik, müsbət, yerində və konstruktiv olduqda effekе verir. Metodist rəy vermə zamanı müxtəlif mexanizmlərdən istifadə edə bilər. Rəy həm müşahidə sonrası konfransda üzbəüz şəkildə, həm yazılı, həm də onlayn şəkildə verilə bilər.
Metodist öz fəaliyyəti zamanı rəhbərlik etdiyi müəllimlərin peşəkar inkişafının hansı mərhələsində olduğunu bilməli və həmin mərhələyə uyğun olaraq öz fəaliyyətinin modelini müəyyənləşdirməlidir. Metodistin müəllimlərin inkişafına yönəlik əməkdaşlıq fəaliyyətini üç sadə kateqoriyaya – dolayı (qeyri-direktiv), işbirliyi və birbaşa (direktiv) bölmək mümkündür[2].
Peşəkar inkişafının birinci mərhələsində olan müəllimlərlə iş zamanı birbaşa (direktiv) modellərdən istifadə daha məqsədəuyğundur. Bu müəllimlərin metodistdən aydın, detallı yardıma ehtiyacları vardır. Metodist müəllimlərə lazımi metodiki, praktik məlumatlar, sinfin idarə olunması, dərsin səmərəli təşkili, tədqiqat və təlimat mənbələri və s. kimi ehtiyac duyulan məsələlərdə dəstək ola bilər[1],[3].
İnkişafının ikinci mərhələsində olan müəllimlərlə isə metodistin işbirliyi daha məqsədəuyğundur. Tədris mühitinin daim yaxşılaşdırılmasına, sinfin idarə olunması bacarıqlarının cilalanmasına çalışan bu müəllimlərə metodist öz bərabərhüquqlu əməkdaşı kimi yanaşmalıdır. Onlar bir araya gələrək gələcək inkişaf planını hazırlaya bilərlər[1],[3].
İnkişafın son mərhələsi olan üçüncü mərhələyə çatmış peşəkar müəllimlərlə iş zamanı isə dolayı (qeyri-direktiv) modellərə müraciət etmək lazımdır. Metodist qəbul etməlidir ki, bu müəllimlər ən azı metodistin özü qədər üstün təlim bacarıqlarına malikdirlər. Bu mərhələdə fokus təlim strategiyalarının və şagirdlərin ehtiyaclarına əsaslanan peşəkar inkişafın daha dərindən anlaşılmasına yönəlir[1],[3].
Metodistin fəaliyyətinin effektiv olması üçün o, aşağıdakı keyfiyyətlərə malik olmalıdır[5]
Metodistlik faəliyyəti tədris məqsədlərinin həyata keçirilməsində müxtəlif istiqamətlərdə yardımçı ola bilər: Metodistlik müəllimlərin məktəbdən uzaqlaşmaq istəyinin qarşısını ala bilər. Bu fəaliyyət həm yeni, həm də təcrübəli müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı ola bilər. Metodistlik peşəsi bütövlükdə müəllimlik fəaliyyətini inkişaf etdirmə potensialına malikdir Belə ki, effektiv metodistlik fəaliyyəti və adekvat administrativ dəstək yeni və təcrübəli müəllimlərin tədris keyfiyyətinin yüksəldilməsində önəmli faktordur.
Cəmilə Kazımova
Metodik Dəstək Mərkəzi
Azərbaycan Respublikasının Təhsil İnstitutu
Ədəbiyyat: