Azərbaycanın pedaqoji mətbuat tarixində ən uzunömürlü jurnal olan “Azərbaycan məktəbi” 97 ildir ki, fəaliyyət göstərir. Pedaqoji fikrimizin, dilimizin, ədəbiyyatımızın, tariximizin tədqiqinə həsr olunan məqalələr ilk dəfə oxuculara məhz bu jurnal vasitəsilə çatdırılıb. Jurnal təhsil sisteminin təkmilləşdirilməsində, mütərəqqi tədris metodlarının, üsullarının təbliğində, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasında, təlimin, tərbiyənin milli və bəşəri dəyərlər əsasında qurulmasında aparıcı rol oynayıb.
Təhsil sistemində həyata keçirilən islahatların məntiqi davamı olaraq jurnalda dərc olunan məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prosesi həyata keçirilir. Bu prosesdə təhsil işçilərinin müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrlə təminatı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən “Azərbaycan məktəbi” jurnalında təhsilin ən aktual məqamlarına, dünya təhsilinə inteqrasiyaya, nəzəri və konseptual məsələlərə aid məqalələrin dərci ilə yanaşı, təhsildə monitorinq və qiymətləndirmə, kurikulum, informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi və onlayn təhsillə bağlı məqalələrin çap olunması zərurəti yaranıb.
Oxucular bu nömrədə İ.Babayevanın “Ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi”, Q.Şərifov və L.İsmayılovanın “Ümumtəhsil məktəblərinin VII siniflərində fizika fənni üzrə onlayn tədrisin xüsusiyyətləri”, H.Şenol, F.Y.Lesinger və M.Çağların “Onlayn təhsilin müsbət və mənfi tərəfləri: COVID-19 pandemiyası dövründə ali məktəb tələbələrinin qavrayışları”, P.Əliyevin “Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər”, A.Məmmədlinin “Universitetlərdə təşəbbüskarlıq fəaliyyətinin stimullaşdırılması və təşviqi”, Q.Hacıyevin “Qarabağ regionunda təhsilin inkişafı tarixindən” sərlövhəli və s. Azərbaycan, türk, ingilis dillərində məqalələri oxuya bilərlər.
Qeyd edək ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasında yer alır, eləcə də bir sıra beynəlxalq indekslərdə tanınır.
Nəzərinizə çatdıraq ki, jurnalın yeni veb saytı yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilati dəstəyi ilə jurnalın yeni forma, məzmun və dizaynda oxucuların istifadəsinə verilmiş 2021-ci il üzrə birinci nömrəsi aşağıdakı keçiddə təqdim olunur.