Aparılan bir təcrübədə məktəbəqədər yaşlı və ibtidai sinif şagirdlərindən ibarət bir qrup uşağa əzbərləmələri üçün müəyyən yazılı məlumatlar verilir. Əzbərlədiklərinə əmin olana qədər üzərində işləmələri xahiş olunur. Bir müddət sonra yaşca böyük olan uşaqlar hazır olduqlarını söyləyirlər. Həqiqətən də yoxladıqda soruşulan bütün məlumatları düzgün xatırlayırlar. Bundan fərqli olaraq, yaşca daha kiçik olan uşaqlar, hazır olduqlarını bildirməklərinə baxmayaraq soruşulan bəzi maddələri xatırlaya bilmirlər.
Yuxarıdakı təcrübəyə əsasən, məktəbəqədər yaşlı uşaqların həmin anda hafizələrinin həcmini düzgün qiymətləndirə bilmədikləri qənaətinə gələ bilərik. İnsanın hafizəsinin həcmini düzgün qiymətləndirməsi və izləyə bilməsi metakoqnisiya (üstün bilik) mövzusuna gözəl bir nümunədir.
Üstün biliyin bilikdən fərqi odur ki, üstün bilik anlamlı olur və ondan situasiyaya uyğun şəkildə istifadə edilir. Bilik verilməsinə əsaslanan təhsil şagirdlərə xüsusi biliklərin qazandırılmasına önəm verərkən, metakoqnitiv bacarıqların verilməsinə əsaslanan təhsil bu prosesi izləmə və idarə edə bilmə bacarıqlarının öyrədilməsi üzərinə fokuslaşır.
Müasir ədəbiyyatda metakoqnitiv bacarıqlar iki əsas başlıq altında nəzərdən keçirilir: Metakoqnitiv məlumat və metakoqnitiv idarə/tənzimləmə.
Metakoqnitiv məlumat
Metakoqnitiv məlumat prosedural məlumat, təsvir edən məlumat və situasiyadan asılı məlumat olmaqla üç yerə ayrılır. Metakoqnitiv məlumatın bu üç mərhələsi aşağıda açıqlanmışdır.
Prosedural məlumat: Bir işin və ya vəzifənin müvəffəqiyyətlə necə icra ediləcəyini, necə nəticələnəcəyini bilməkdir. Bir üçbucağın sahəsinin necə hesablanacağını bilmək, prosedural məlumata nümunə verilə bilər. Ancaq unutmayaq ki, prosedural məlumat bir işi etməyi deyil, işi necə etməyi bilməyi ifadə edir.
Təsvir edən məlumat: Təsvir edən məlumat isə şagirdin görəcəyi işi özünün edib-edə bilməyəcəyini bilməsini ifadə edir. Təsvir edən məlumat şagirdin öz bacarıqları haqqındakı məlumatıdır. Məsələn, bir riyazi problemi həll etmək üçün müəyyən bir əməliyyatı tətbiq edə bilib-bilməyəcəyini, bir üçbucağın sahəsini hesablaya bilib-bilməyəcəyini bilmək.
Situasiyadan asılı məlumat: Şagirdin qarşılaşdığı bir situasiyada hansı məlumatı funksional olaraq istifadə edə biləcəyini bilməsini, başqa sözlə, hansı vəziyyətdə nə edəcəyini bilməsini tələb edir. Bu forma prosedural məlumat və təsvir edən məlumatın hər ikisinə birdən sahib olmanı tələb edir. Yəni, situasiyaya bağlı məlumatda fərdin bir işin həm necə ediləcəyini, həm özünün edib-edə bilməyəcəyini, həm də hansı vəziyyətdə nə edəcəyini bilməsi lazımdır.
Metakoqnitiv məlumat şagirdin öz koqnitiv qabiliyyətləri, koqnitiv əməliyyatları və hansı vəziyyətdə nə edəcəyini bilməsi kimi məlumatlara sahib olmasıdır. Belə bir bilik əvvəlki təcrübələrin də təsiri ilə şagirdin davranışına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ancaq metakoqnisiya şagirdin yuxarıda sadalanan məlumatlarla yanaşı bu məlumatları düzgün istifadə etməsini də tələb edir. Metakoqnitiv məlumatları istifadə edə bilmə qabiliyyəti isə metakoqnitiv idarə və ya tənzimləmə adlanır.
Metakoqnitiv tənzimləmə
Metakoqnitiv tənzimləmə metakoqnitiv proseslərdə olan zehni əməliyyatlardan meydana gəlir və metakoqnitiv məlumatı koqnitiv məqsədlərə çatdıra bilmək üçün strateji şəkildə istifadə edə bilmə qabiliyyəti olaraq açıqlanır. Bu səbəblə metakoqnitiv bacarıqlar sahəsində edilən bir çox araşdırma bu əməliyyatlar üzərinə cəmlənmişdir. Çünki biliyi tənzimləmə və idarə edə bilmə qabiliyyəti şagirdlərin məlumatı elastik və lazım olduqda situasiyaya uyğun şəkildə istifadə edə bilmələrinə imkan verir. Ədəbiyyatda dörd metakoqnitiv bacarıq qeyd olunur. Bunlar:
Təxmin şagirdi öyrənmə prosesinin hədəfləri, prosesin nə qədər vaxt aparacağı və nəticələri haqqında düşünməyə istiqamətləndirir. Bu bacarıq şagirdlərə qarşılaşdıqları situasiyanın çətinliklərini əvvəlcədən görə bilmələrini, vəzifənin çətin və ya asan olmasına görə o vəzifə üzərində iş formalarını (sürətli və ya yavaş) nizamlama imkanı verir.
Metakoqnitiv əməliyyatlar şagirdin koqnitiv fəaliyyətlərində istifadə etdiyi ardıcıl proseslərdir. Bu proseslər öyrənməyi tənzimləmə və nəzarət etməyə köməkçi olarkən, koqnitiv fəaliyyətləri planlaşdırmağı və izləməyi də ehtiva edir. Məsələn, bir paraqraf mətni oxuduqdan sonra şagird paraqrafda müzakirə edilən anlayışları özündən soruşa bilər. Burada şagirdin koqnitiv hədəfi mətni anlamaqdır. Əgər şagird öz suallarına cavab verə bilməzsə və ya oxuduğu mətni anlamazsa, koqnitiv hədəfə necə çatacağına qərar verməli olacaq. Bu vəziyyətdə mətni təkrar oxumağı qərara ala bilər. İkinci dəfə oxuduqdan sonra suallarına cavab verə bilirsə, özündən soruşma əməliyyatından istifadə edərək hədəfinə çatacaq. Həmçinin şagird özündən bu sualları soruşa bilər:
Planlaşdırarkən: “Bu mövzuda hansı məlumat mənə köməkçi ola bilər?”, “İlk olaraq nə etməliyəm?”, “Bunu niyə oxuyuram?”
Tətbiq edərkən: “Doğru irəliləyirəmmi?”, “Bundan sonra nə etməliyəm?”, “Nəyi dəyişdirməliyəm?”
Qiymətləndirərkən: “Hər şeyi doğru etdimmi?”, “Bu etdiyim işdən nə öyrəndim?”
Koqnitiv inkişaf baxımından metakoqnitiv bacarıqlar
Uşaqlarda metakoqnitiv bacarıqların inkişafı zehni proseslərdəki yaşla əlaqədar inkişaf ilə bağlıdır. Lakin metakoqnitiv bacarıqların qazanılmasında təhsilin təsirinin yetkinləşmənin təsirindən daha çox olduğu göstərilir. Tədqiqatçılar qeyd edirlər ki, metakoqnitiv bacarıqlar formalaşdırılarkən koqnitiv inkişaf səviyyəsi də nəzərə alınmalıdır.
Metakoqnitiv əməliyyatların istifadəsi ümumiyyətlə üç dövrə ayrılır. Bu dövrlərdən birincisi ilk beş yaşı əhatə edən, əməliyyatların heç istifadə edilmədiyi mərhələdir. Təxminən 6-9 yaş aralığını əhatə edən ikinci dövrdə əməliyyatlar istifadə edilə bilər, lakin yeni strategiya yaradıla bilməz. Üçüncü mərhələ isə təxminən dördüncü sinif səviyyəsində meydana gəlməyə başlayır. Bu mərhələdə uşaq əməliyyatı anlaya bilər və uyğun əməliyyatı özbaşına istifadə edə bilər. Metakoqnitiv qabiliyyətlərindəki fərdi fərqliliklər isə bioloji səbəblər və həyat fərqlilikləri səbəbiylə meydana gəlir.
Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova