İsmayıll rayonunda keçirilən qiymətləndirmə düşərgəsi başa çatıb

Tarix: 10.07.2023
Paylaş:

Təhsil İnstitutu və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda təşkil edilən qiymətləndirmə düşərgəsi iyulun 7-də başa çatıb. 3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, onlarda səriştəəsaslı mətn və qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində müvafiq bilik və bacarıqları formalaşdırmaq və bu bacarıqların real sinif mühitində tətbiqinə dair onları istiqamətləndirmək olub.

Düşərgədə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla oxuyub-anlama və riyaziyyat üzrə mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olublar. Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.

Düşərgənin sonunda Dağlıq Şirvan RTİ və ARTİ əməkdaşları iştirakçıların düşərgə ilə bağlı təəssüratlarını öyrənməklə onlara öz tövsiyələrini veriblər.

Yekunda iştirakçılar sertifikatla təltif olunublar.