“Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində yaradılmış Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun ilk görüşləri baş tutub

Tarix: 17.07.2023
Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində yaradılmış Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun ilk görüşləri 12 və 13 iyul tarixlərində baş tutub.

İki gün davam edən görüşlərə Təhsil İnstitutunun müxtəlif şöbə və mərkəzləri, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları, müəllimlər və digər maraqlı tərəflərlə birlikdə 40-dan çox iştirakçı qatılıb. Əsas müzakirə mövzusu ümumi təhsildə şagird qiymətləndirilməsinin müxtəlif növlərindən ibarət olub.

Görüşün ilk günündə ARTİ-nin direktor müavini Ülkər Babayeva açılış nitqi səsləndirərək təhsil sisteminin mövcud boşluqlarının aradan qaldırılması üçün potensialın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin şagirdlərin qiymətləndirməsi sahəsində yaranan yeni çətinliklərin öhdəsindən gəlmək üçün sistemli yanaşmaya və qlobal tendensiyaların nəzərə alınmasına ehtiyacın olduğunu qeyd edib. Layihənin komanda rəhbəri Rainer Gerke və üçüncü komponentin əsas eksperti Boris Curkoviç də öz növbələrində iştirakçıları salamlayıb, layihədə nəzərdə tutulmuş fəaliyyətlər, layihə komandası tərəfindən gözləntilər və görüşlər barədə məlumat verib. İki gün ərzində işçi qrupunun üzvlərinə qiymətləndirmə metodologiyaları barədə Avropa Birliyi və digər ölkələrdən nümunələr təqdim olunub. Azərbaycanın ümumi təhsil sistemində diaqnostik, formativ və summativ, milli və beynəlxalq qiymətləndirmə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar barədə təhlillər və qrup müzakirələri aparılıb. Təlimçi/Spiker qismində eyni zamanda layihənin digər ekspertləri olan Maja Jukic və Mehparə Əhmədova iştirak edib.

İntensiv müzakirələrdən sonra ümumi təhsil pilləsində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni çərçivənin hazırlanmasının zəruriliyi barədə razılıq əldə edilib. Bu çərçivə potensiallarını tam şəkildə reallaşdırılması üçün şagirdlərin inkişafına və ümumilikdə XXI əsrdə təhsilin inkişafını dəstəkləyən bir alət olacaq.

Sentyabrın əvvəlində Şagirdlərin qiymətləndirilməsi işçi qrupunun növbəti görüşü planlaşdırılır. Qrup üzvləri ümumi təhsildə şagirdlərin qiymətləndirilməsi üzrə yeni çərçivənin hazırlamasına start verəcək və eyni zamanda təlimlərinə davam edəcəklər.