Mətnin iki əsas növü: necə izah etməli?

Tarix: 19.07.2023
Paylaş:

MƏTNİN İKİ ƏSAS NÖVÜ: NECƏ İZAH ETMƏLİ?

4-cü sinif “Azərbaycan dili” dərsliyində şagirdlər mətnin növlərinin iki böyük qrupda təsnifatı ilə tanış edilir: bədii və informativ mətnlər. İki fərqli kateqoriyaya daxil olan bu anlayışların bir qrupa aid edilməsinin nəzəri əsasını anlamadan şagirdlərin mətn növləri ilə bağlı təsəvvürlərini doğru formalaşdırmaq olmaz. Buna görə də Azərbaycan dili fənnini tədris edən müəllimlərin mövzunun elmi-nəzəri əsasları ilə tanışlığı vacibdir. Məqalədə bu təsnifatın formalaşmasını şərtləndirən səbəblər izah edilmişdir.

Mətnlərin təsnifatı

Müxtəlif kateqoriyalara görə “mətn növləri” anlayışı üzrə fərqli  təsnifatlar aparılır. Yazı tiplərinə görə mətnin təsnifatı: nəqli, təsviri, informativ, mühakimə; yaxud üslubuna görə: elmi, publisistik, bədii mətnlər, rəsmi-işgüzar sənədlər, elmi-kütləvi mətnlər, ədəbi-bədii, bədii-publisitik mətnlər məlumdur. Rəsmi-işgüzar sənədlərlə yanaşı, əməli-təlimat (praqmatik-prosedural) xarakterli mətnlərdən də danışmaq olar. Məişət üslubunda da mətnlərə təsadüf etmək olur: məsələn, məişət üslubunda yazılmış nağıllar, lətifələr, felyetonlar.  Həmçinin sosial şəbəkələrdə  ictimai həyatın müxtəlif sahələrinə aid yayımlanan məişət üslubunda nümunələrin arasında da dəyərli mətn nümunələrinə təsadüf etmək mümkündür. Təhlilə cəlb edilərsə, janr xüsusiyyətləri də üzə çıxarıla bilər.

Mətnlərin müxtəlif xüsusiyyətlərinə görə təsnifatından başqa, onların Avropa təcrübəsində iki əsas növü müəyyənləşdirilir və  müxtəlif nəzəri görüşlərə görə, fərqli təsnifatları mövcuddur. (1;2) Növlərin necə adlandırılmasından asılı olmayaraq qarşıya qoyulmalı olan əsas sual budur: Mətni hansı əlamətinə “əsas növlərə” ayırmaq olar? Mətnin növlərinin iki əsas qrupda müxtəlif təsnifatı elmi ictimaiyyətə məlumdur:

Və ya:

yaxud başqa bir təsnifata görə:

Bu qruplaşdırmalardan ən çox uyğun olanı ədəbi və informativ mətnə ayrılmasıdır.

Mətnləri iki əsas növə ayırmaq uyğundur: ədəbi və informativ.

Niyə məhz  ədəbi informativ?

Mətn üslubuna görə beş növə malik olsa da, onları iki əsas kateqoriyada – ədəbi və informativ olaraq qruplaşdırmaq elmi baxımdan nə qədər əsaslıdır?

Ədəbi mətn dedikdə nə anlayırıq?

Ədəbi əsərlər bədii, bədii-publisistik, elmi-ədəbi üslublarda yazılmış əsərlərdir. Bədii əsərlər üç ədəbi növə ayrılır: lirik, epik və dramatik. Ədəbi mətn dedikdə bu ədəbi növlərə daxil olan bədii əsərlərlə yanaşı, bir sıra digər bədii-publisistik janrlar da nəzərdə tutulur. Məsələn: felyeton, pritça, miniatür, oçerk, bəzi esse növləri və s. kimi ədəbi mətnlər də bədii-publisistik üslubda yazılır. Hətta ictimai-siyasi və ya fəlsəfi  mövzuda yazılmış publisistik mətnlərin də nəzm və ya dramatik nümunələri  məlumdur ki, bunlar da ədəbi-bədii əsərlər sayılır. İlk dəfə bədii əsərləri ədəbi növ kimi Aristotel “Poetika” əsərində səciyyələndirmişdir. Müasir ədəbiyyatşünaslığa görə, Aristotelin təsnifatına  dördüncü ədəbi növ – elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat olan didaktik əsərlər də daxil edilmişdir.  Aristotelin təsnifatında bu növün fərqləndirilməməsinin səbəbi didaktikanın ədəbi növ kimi təzahürünün daha sonrakı ədəbi mərhələyə aid olmasıdır. İlk dəfə didaktik-bədii əsərlər Vergili və Lukresinin yaradıcılığında yer almışdır.

Ədəbiyyatşünaslıqda “bədii” anlayışı üslubu, “ədəbi” kəlməsi növü bildirdiyi üçün bu anlayışları qarışdırmaq, eyniləşdirmək uyğun deyil. Mətnin əsas növlərini müəyyənləşdirərkən “bədii növ” ifadəsindən istifadə etmək elmi baxımdan yanlışdır.

Müasir elmi-nəzəri yanaşmalara görə, mətnin ikinci böyük növü informativ mətndir.

İnformativ mətn nədir?

Bu suala düzgün və konkret cavab verə bilmək üçün öncə sözün mənasını aydınlaşdırmaq lazımdır. İnformativ mətn böyük əksəriyyətin ilk yanaşmada anladığı kimi,  informasiya mətni deyil. İnformativ dedikdə faktlarla zəngin, faktlara əsaslanan mətnlər nəzərdə tutulur. Elmi-kütləvi, maarifləndirici bütün mətnlər bu ad altında birləşdirilir. İnformasiya mətni isə hər hansı bir informasiyanı verən mətnlərdir. Bunlara KİV-in informasiya janrları aiddir. İnformasiya janrları da öz növbəsində informativ mətn növünə daxildir. Rus dilində “информативный” və “информационный” sözləri məhz bu mənalarda fərqləndirilir. İngilis mənbələrinə əsasən isə  “non-fiction” – qeyri-bədii adlandırılan, geniş çərçivədə sənədli hesab edilən mətnlər informativ mətnlərdir və  “informational” – yəni informasiya mətnləri bu növün ən geniş kateqoriyasıdır.

İnformativ mətnin arxitektonikası oxucuya mətnin məzmunu ilə bağlı sual verməyə və onun cavabını tapmağa imkan verir. İnformativ mətnin başlığı ilə məzmunu arasında müstəqim əlaqə olur. Mətnin köməkçi elementləri – tünd şriftlə seçilmiş yarımbaşlıqlar, fəsil adları, qrafik təsvirlər, terminlər oxucuya müvafiq informasiyaları tapmağa kömək edir.

Bir sıra informativ mənbələr (ensiklopediyalar, sorğu kitabları, lüğətlər və s.) öyrənənləri kitabdan istifadənin daha fərqli üsulları ilə tanış edir. Belə kitablar sətirbəsətir oxunmur və bununla da təhsilalanlar bilirlər ki, bəzi kitablar sorğu üçün tərtib edilir.

 Sxem. Mətnin növləri

 

İbtidai sinif səviyyəsində mətnin növləri anlayışını necə izah etmək olar?

Mətnlərin növünə görə fərqləndirilməsi Azərbaycan dili fənninin “Oxu” məzmun xətti üzrə standartlara daxildir. İbtidai sinifdən başlayaraq dilin tədrisi mətnlər əsasında aparıldığı üçün şagirdlər hər iki növ mətnlə tanış olurlar.

İbtidai sinif səviyyəsində ədəbi mətn anlayışını şagirdlərə izah etmək onların yaş mərhələsinin qavrama səviyyəsinə uyğun olmadığı üçün bu terminin dərsliyə daxil edilməsi məqsədəmüvafiq deyildir. Ona görə də ibtidai siniflərdə mövzunu izah edərkən məhz “bədii və informativ mətn” anlayışlarından istifadə etmək uyğundur. Lakin bu anlayışların növ kimi tanıdılması uyğun deyil. İbtidai siniflərdə mətnin növləri haqqında məlumatı elmi-nəzəri hökm kimi: “Mətnin iki əsas növü var: bədii və informativ” – şəklində deyil, sadəcə,  şagirdlərin bədii və informativ mətnlərlə tanış olduqları haqqında məlumat vermək olar: “Siz dərsliyinizdə bədii və informativ mətnlərlə tanış olursunuz”. Onları fərqləndirən xüsusiyyətləri qeyd etməklə şagirdlər oxuduqları mətnləri növünə görə fərqləndirəcəklər. Bu anlayışlar ədəbi növə daxil olan bədii əsərləri və informativ növə daxil olan elmi-kütləvi mətnlər və həmçinin praqmatik-prosedural mətnləri əhatə edir.

Dilin mənimsənilməsi və ondan düzgün istifadə bacarıqlarının formalaşdırılması mətnlər üzrə işin düzgün təşkilindən asılıdır. Ədəbi mətnləri oxuyub dəyərləndirmək şagirdin estetik zövqünü, mənəviyyatını inkişaf etdirməklə yanaşı, həyati bacarıqlarını da inkişaf etdirir: nitqini zənginləşdirir; məntiqi təfəkkürünü, yaradıcılıq, problem həlletmə bacarığını inkişaf etdirir. İnformativ mətnlər şagirdin əsas bilikləri – gələcək ixtisas seçimində əsas baza olmaqla yanaşı, dünyagörüşüdür, tətbiq edilmiş bilikləri isə həyati bacarıqlarıdır. Müəllim mətn növlərinin kommunikativ bacarıqların formalaşdırılmasında rolunu dəyərləndirməklə dərsinin düzgün təşkilinə nail ola bilər. Bu isə müəllimin mövzu ilə bağlı bilik səviyyəsindən asılıdır.

Dərslikdə mətnin növləri haqqında şagirdin ilkin təsəvvürünü formalaşdırmaq üçün çox qısa məlumat verilmişdir.  Bu yeni anlayışları düzgün və dəqiq izah etmək müəllimin öhdəliyidir. Müəllim dərindən bilmədiyi mövzunu şagirdin yaş səviyyəsinə uyğun şəkildə izah etməkdə çətinlik çəkər. Buna görə də fənn müəllimi dərslikdə qısa verilmiş məlumatla tanış olmaqla kifayətlənməməli, ali məktəbdə aldığı bilikləri aktuallaşdırmalı və əlçatan elmi-nəzəri mənbələrə baxmalıdır.

Nəticə

Mətn müəllif məqsədlərinə görə iki əsas növə ayrılır: ədəbi və informativ mətnlər. Bədii mətnlər oxucuları inandırmağa, dəyərləri tanımalarına, mənəviyyatını formalaşdırmağa xidmət edir, informativ mətnlər onları məlumatlandırır, maarifləndirir, həyati bacarıqlarını formalaşdırır.

İbtidai siniflərdə şagirdlər “bədii mətn” və “informativ mətn” anlayışları ilə tanış olurlar, tam orta təhsil səviyyəsində fənnin tədrisində artıq şagirdlər mətnin əsas növləri kimi “ədəbi və informativ mətn” anlayışı ilə tanış ola bilərlər.

Təhsil müddətində şagirdlərin ədəbi və informativ mətnləri oxuyub anlama bacarıqlarının formalaşdırılması onların kommunikativ bacarıqlarının əsasını qoyduğu üçün Azərbaycan dili kurikulumunun qarşısında duran əsas vəzifələrdəndir.

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Types of literary texts https://www.petaa.edu.au/common/Uploaded%20files/ALCFT_ch2_web.pdf
  2. Text Types and Different Styles of Writing: The Complete Guide. ttps://literacyideas.com/different-text-types/
  3. Rafiq İsmayılov, Ülkər Nurullayeva, Şəhla Zahidova, İradə Bayramova, Aysel Xanalıyeva, Könül Məhyəddinova. https://www.trims.edu.az/site/resource.php?id=1184
  4. Rafiq İsmayılov, Gülşən Orucova, Dilrüba Cəfərova, Zahid Xəlilov. http://www.e-derslik.edu.az/player/index3.php?book_id=30#books/30/units/unit-1/page1.xhtml

Mətnin iki əsas növü. Necə izah etməli