Diferensial təlim nədir?
Təlimin diferensiallaşdırılması şagirdlərin fərdi öyrənmə ehtiyaclarına, öyrənmə tərzləri və maraqlarına uyğun olaraq təlimin sürəti, səviyyəsi və ya növünün dəyişdirilməsidir. Məktəbə gələn şagirdlər müxtəlif maraqlara, şəxsiyyət tipinə, öyrənmə tərzlərinə və akademik biliklərə malik olurlar. Eyni təlim metodları bütün şagirdlərə tətbiq olunduqda səmərəli nəticə verməyə bilər. Diferensial təlim imkan verir ki, müəllim təlim prosesini şagirdlərin güclü və zəif tərəfləri, seçim və maraqlarına əsasən qura bilsin.
Diferensiallaşmanın əsas istiqamətləri
Diferensial təlimin ən önəmli elementləri seçim, çeviklik, davamlı formativ qiymətləndirmə və yaradıcılıqdır. Şagird haqqında əldə olunan bütün informasiyalardan diqqətli istifadə edərək 4 istiqamətdə diferensiallaşmanı təmin etmək mümkündür:
Məzmunun diferensiallaşdırılması
Məzmun dedikdə şagirdlərin öyrənməsini istədiyimiz bilik və ya bacarıqlar, bu bacarıqlara yiyələnmələri üçün istifadə etdiyimiz resurs və ya mexanizmlər nəzərdə tutulur. Məsələn: dərsliklər, əlavə oxu materialları, videolar, kompüter proqramları, ekskursiyalar, mühazirələr və s. Şagirdlərin mövcud biliklərinə əsasən müvafiq fəaliyyətin təşkil edilməsi, daha dərindən öyrənmək üçün mövzu seçiminin onlara verilməsi, sadə və ya mürəkkəb tapşırıqların verilməsi məzmunun diferensiallaşmasına aiddir. Məzmunun diferensiallaşdırılması zamanı dərsin təlim nəticəsini dəyişmək və ya bəzi şagirdlərdən gözləntini aşağı salmaq əvəzinə verilən tapşırığın bütün şagirdlər üçün həllinin əlçatan olmasını təmin etmək lazımdır. Unutmayaq ki, hər bir tapşırıq dərsin məqsədinə xidmət etməlidir. Diferensiallaşdırma zamanı tapşırığın əsas məqsədini, şagirdlərdə formalaşdırılması nəzərdə tutulan əsas bacarıqları göz ardı etmək olmaz. Belə bir nümunəyə baxaq:
Zalda 5 sırada cəmi 100 izləyici əyləşmişdir. Birinci və ikinci sırada 52 izləyici, ikinci və üçüncü sırada 43 izləyici, üçüncü və dördüncü sırada 34 izləyici, dördüncü və beşinci sırada isə 30 izləyici əyləşib. Hər bir sırada neçə izləyici əyləşib?
Bu çalışmanın məqsədi seçmə üsulundan istifadə edərək şagirdlərdə çevik məntiqi düşünmə qabiliyyətini formalaşdırmaqdır. Çətinlik çəkən şagirdimizə bir sıradakı izləyici sayını desək, şagird sadəcə ardıcıl çıxma əməlini yerinə yetirərək cavabı tapacaq, lakin bu zaman məsələdə tələb olunan məntiqi düşünmə qabiliyyəti şagirddə formalaşmayacaq.
Bəs necə edə bilərik?
Bu zaman tapşırıq məqsədinə xidmət edəcək.
Digər bir nümunə olaraq məqsədi hekayənin strukturunu müəyyənləşdirmək olan ingilis dili dərsinə baxmaq olar. Dil bacarıqları aşağı olan şagirdlərə birbaşa üsullar tətbiq etmək, daha dəqiq və sadə suallar vermək lazımdır. Məsələn:
Əksinə, lüğət və oxu bacarıqları yüksək olan şagirdlərə isə daha abstrakt və çoxsəviyyəli mürəkkəb suallar vermək olar:
Tapşırıqların diferensiallaşdırılması üçün planlaşdırma zamanı aşağıdakı sualları nəzərə almaq tövsiyə olunur:
Bütün sinfin nəzərə alınması:
İndividual şagirdlərin nəzərə alınması:
Bu suallar bütün şagirdlər üçün uyğundur, siniflə və fərdi səviyyədə həll edilməlidir.
Beləliklə, məzmun şagirdlərin bilik səviyyəsi, maraq və seçimlərinə əsaslanaraq ən vacib bilik və bacarıqlar üzərində fokuslanmaqla və ya öyrənmənin mürəkkəbliyini artırmaqla diferensiallaşdırıla bilər.
Prosesin diferensiallaşdırılması
Proses dedikdə şagirdlərin öyrəndikləri bilikləri mənalandırmaqları məqsədilə əsas bacarıqları tətbiq etmələri üçün təşkil olunan fəaliyyətlər nəzərdə tutulur. Burada yenə diqqətdə saxlamalı olduğumuz əsas məqam var: dərsin məqsədi nədir və bu məqsədə çatmaq üçün hansı yollar var? Fəaliyyətlərin modifikasiyası zamanı şagirdlərin fərdi göstəricilərinə əsasən çevik qruplaşdırma metodlarından istifadə etmək olar.
Məqsədə uyğun olaraq bəzən oxşar, bəzən isə fərqli bacarıqlara, öyrənmə tərzinə malik şagirdləri qruplaşdıraraq onların bilik səviyyəsinə görə tapşırıqlar vermək daha səmərəli olur. Şagirdlər istəklərinə uyğun kiçik qruplarda, cütlər şəklində və ya fərdi şəkildə işləyə bilərlər.
Fəaliyyətin diferensiallaşdırılması fərdi işlər verməklə, audial, vizual və kinestetik öyrənmə tərzlərinə malik şagirdlər üçün öyrənmə mərkəzlərinin qurulması, möhkəmləndirmə məqsədli ev tapşırıqlarının verilməsi vasitəsilə də aparıla bilər.
Nəticənin diferensiallaşdırılması
Öyrənmənin yekun nəticələri şagirdlərin öyrəndiklərini və əldə etdikləri bacarıqları tətbiq edərək hazırladıqları yekun materiallardır. Qiymətləndirmə materialları və ya nəticənin diferensiallaşdırılması zamanı şagirdlərə imkan verilir ki, öyrəndiklərini müxtəlif formalarda nümayiş etdirsinlər. Öyrənmənin nümayişinin yeganə yolu esse yazmaq və ya test həlli deyil. Məhsullar maddi (hesabat, broşüra və s.), model (dialoq, çıxış, debat və s.) və ya fəaliyyət (səhnəcik, rəqs və s.) şəklində ola bilər.
Yekun qiymətləndirmə tapşırığını diferensiallaşdırarkən şagirdlərə seçim lövhəsi də hazırlamaq, Qardnerin çoxnövlü intellekt nəzəriyyəsinə və şagird maraqlarına əsaslanaraq onlara vizuallaşdırmaq, mahnı yazmaq kimi seçimləri təqdim etmək olar. Bu zaman yenə dərsin məqsədi göz ardı edilə bilməz. Unutmayaq ki, formatından asılı olmayaraq, məhsulların hazırlanmasının əsas məqsədi şagirdin öyrəndiyi bilik və bacarıqları tətbiq etməsidir.
Öyrənmə (təlim) mühitinin diferensiallaşdırılması
Öyrənmə mühiti sinif otağının ümumi “iqlimidir”. Sinif otağındakı fəaliyyətlər və sinifin tonu bura daxildir, məsələn: sinifdaxili qaydalar, prosedurlar, mebellərin yerləşməsi, işıqlandırma və s.
Əşyəvi və sosial-psixoloji mühit məzmun, proses və nəticənin diferensiallaşdırılmasına təsir edir.
Fiziki mühiti diferensiallaşdırarkən həm şagirdlərin fikri yayınmadan fərdi işləməsi üçün, həm də qrup müzakirələri üçün sahə ayırın. Şagirdlərinizin rahat hərəkət edə bilməsini, lazımi resurs və materialların əlçatanlığını təmin etmək lazımdır.
Diferensiallaşdırılmış mühitdə şagird avtonomiyası dəstəklənir, şagirdlər özünüidarəni öyrənir. Şagirdlərə məzmun, proses və qiymətləndirmə materiallarının seçilməsində seçim haqqı verilir, eyni zamanda, şagirdlərin qərar verməyi, plan qurmağı və problem həlletməyi onların müstəqillik və avtonomiyasını təmin edir. Məsələn, başqa şagirdlərlə məşğul olarkən köməyə ehtiyacı olan şagirdlərin yoldaşlarına müraciət etmələri üçün prosedurlar müəyyənləşdirə bilərsiniz.
Sosial-psixoloji mühiti diferensiallaşdırarkən şagirdlərinizin fikir və ideyalarını tənqid etməzdən və ya təsdiqləməzdən əvvəl onları anlamaq üçün aydınlaşdırıcı suallar verin. Qiymətləndirməni mühakimə etmədən konstruktiv rəy verərək aparın. Müsbət və təhlükəsiz öyrənmə mühitinin yaradılması və şagirdlərin fərdi fəaliyyət seçimlərinin nəzərə alınması diferensiallaşmanı təmin edir. Beləliklə, yeni ideyaların səsləndirildiyi, fərqliliklərin qəbul olunduğu, kəşflərin təşviq edildiyi bir mühit qura bilərsiniz.
Haradan başlamalı?
Diferensial təlimin təşkili üçün müəllimin atacağı ilk addım şagirdlərin öyrənmə profillərinin hazırlanması olacaq. Öyrənmə profillərində hər bir şagirdin öyrənmə tərzi, şəxsiyyət tipi, ailə strukturu, maraqları, hobbiləri, həmçinin summativ və digər qiymətləndirmə informasiyaları yer alır. Öyrənmə profilləri şagird mərkəzli diferensial təlimin planlaşdırılması üçün müəllimin yardımçısıdır. Beləliklə, müəllimlər şagirdlərin akademik biliklərinə, maraq və öyrənmə profillərinə əsasən dərsin məzmununu, proses, məhsullar və mühiti diferensiallaşdıra bilərlər. Lakin bu o demək deyil ki, hər dərs dərsin bütün elementlərini mümkün yollarla diferensiallaşdırmaq lazımdır. Şagirdinizdə ehtiyac aşkarlayanda və ya modifikasiyanın şagirdin daha dərindən öyrənməsini təmin edəcəyindən əmin olanda diferensial təlim strategiyalarınızı işə salın.
Dərsdə diferensial yanaşmanın tətbiqi
Cəmilə Kazımova
ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Təhsil işçilərinin qiymətləndirilməsi şöbəsinin əməkdaşı
Mənbələr: