25 iyul tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində yaradılmış “Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinin siyasəti və strategiyası” kompetensiya qrupunun ilkin görüşü keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd layihə çərçivəsində hazırlanacaq 40 kvalifikasiyanın seçilməsi, bu istiqamətdə əmək bazarının tələbi və iqtisadiyyatın diversifikasiyası əsasında potensial seçim meyarlarının, bu ixtisasların gələcək aktuallığını və tətbiqini təmin etmək üçün strateji yanaşmanın müzakirəsi olub.
Görüşdə layihənin kvalifikasiyaların hazırlanması üzrə yerli eksperti Nərmin Şahbazova açılış nitqi səsləndirərək işçi qrupunun layihədə əsas rolundan danışıb. Daha sonra layihənin komanda rəhbəri Rainer Gerke layihə və layihənin 1-ci komponenti ilə bağlı iştirakçılara məlumat verib. ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva öz növbəsində Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 5-ci səviyyəsinin mövcud vəziyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra layihə çərçivəsində 40 kvalifikasiyanın seçim metodologiyası barədə layihənin təhsil strategiyasının hazırlanması üzrə yerli eksperti Məcid Bayramlı iştirakçılara təqdimat edib. Sonda isə peşə və kvalifikasiya standartları, kurikulum, təhsilverən və öyrənənlər üçün materiallar və qiymətləndirmə standartları barədə qrup işlərində müzakirə aparılıb.
Tədbir çərçivəsində AzMKÇ-nin 5-ci səviyyəsində mövcud vəziyyətin, mümkün gələcək islahat istiqamətlərinin müzakirəsi baş tutub. Bununla yanaşı, bu sahədə mütərəqqi beynəlxalq təcrübə haqqında məlumat verilib və layihə tərəfindən hazırlanmış metodologiya əsasında müvafiq kvalifikasiyaların seçilməsi və bu istiqamətdə dataya əsaslanan qərarvermə prinsipinin tətbiqi təqdim edilib. Görüşün sonunda layihə çərçivəsində hazırlanacaq 40 ixtisasın təşkil edilməsi ilə bağlı növbəti addımlar danışılıb.
Qeyd edək ki, sözügedən kompetensiya qrupunda 12 nəfər iştirak edir. Lakin görüşdə ümumilikdə 35 nəfər iştirak edib.