“Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş” təlimləri başa çatıb

Tarix: 07.08.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənaye və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olub. 

Təlimlərdə təlimçi qismində Təhsil İnstitutunun əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova çıxış ediblər. 

Yekunda 6 iştirakçı təlimlərdə uğurlu iştirakına görə sertifikatla təltif edilib.

Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən təlimlərin növbəti aylarda yenidən təşkil olunması gözlənilir.