Şirvan rayonunda keçirilən qiymətləndirmə düşərgəsi başa çatıb

Tarix: 14.08.2023
Paylaş:

Təhsil İnstitutu və Şirvan – Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan rayonunda təşkil edilən qiymətləndirmə düşərgəsi başa çatıb. 3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, onlarda səriştəəsaslı mətn və qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində müvafiq bilik və bacarıqları formalaşdırmaq və bu bacarıqların real sinif mühitində tətbiqinə dair onları istiqamətləndirmək olub.

Düşərgədə Şirvan, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarından ümumilikdə 25 müəllim iştirak edib. İştirakçılar beynəlxalq qiymətləndirmə tədqiqatlarının məqsədi, Azərbaycanın bu tədqiqiqatlardakı mövqeyi və təcrübəsi barədə geniş məlumat əldə ediblər. Onlar müxtəlif fəaliyyət və müzakirələrə cəlb olunmaqla oxuyub-anlama və riyaziyyat üzrə mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olublar. Eyni zamanda, düşərgə iştirakçıları oxuyub- anlama üzrə “Məlumat əldə etmək və xatırlamaq”, “Məlumat toplamaq və şərh etmək”, “Öz düşüncələrini əks etdirmək və mətni dəyərləndirmək”, riyaziyyat üzrə isə “Bilik”, “Tətbiq etmə” və “Əsaslandırma” kimi səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər. Düşərgənin sonunda Şirvan – Salyan RTİ və ARTİ əməkdaşları iştirakçıların düşərgə ilə bağlı təəssüratlarını öyrənməklə onlara öz tövsiyələrini veriblər.

Yekunda iştirakçılar sertifikatla təltif olunublar.