Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihənin üçüncü mərhələsinin icrasına başlayıb. 2023-2024-cü tədris ilində yeni 16 ümumi təhsil müəssisəsinin cəlb olunması ilə layihə, ümumilikdə, 13 regionun 38 məktəbini əhatə edir.
Əsas məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək olan layihə çərçivəsində müvafiq yerli təhsili idarəetmə orqanlarının və məktəblərin rəhbərliyi ilkin təlimat xarakterli görüşlər keçirib.
İnklüziv məktəblərin tabe olduğu yerli təhsil idarəetmə orqanlarının rəhbərliyi ilə inklüziv siniflərə əlilliyi olan şagirdlərin düzgün və zamanında seçimində dəstək vermək məqsədli görüşdə cari vəziyyət, yaşanılan çətinliklər, onları aradan qaldırma yolları və bu istiqamətdə Psixoloji-tibbi-pedaqoji komissiyalarının fəaliyyətinin təşkili haqqında müzakirələr aparılıb. Əlavə olaraq, müvafiq idarəetmə orqanlarının nümayəndələri inklüziv təhsilin təşkili sahəsində öz təcrübələrini də bölüşüb.
Bundan başqa, məktəb rəhbərləri ilə keçirilən görüşlər zamanı iştirakçılara UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova və ARTİ-nin direktor müavini Ülkər Babayeva tərəfindən layihənin mahiyyəti və əhəmiyyəti, valideyn, direktor, müəllim, korreksiyaedici pedaqoq və psixoloqlar daxil olmaqla müxtəlif qrupların bu sahədəki rolu, məktəb icmalarında maraqlı tərəflər arasında əməkdaşlığın təşkili haqqında məlumat verilib, uğurlu inklüziv təhsilin əsas kriteriyalarından olan sinif rəhbərlərinin seçimi zamanı diqqət yetirilməli vacib məqamlar qeyd edilib. Sonda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd etmək lazımdır ki, növbəti mərhələdə layihə çərçivəsində təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.