7–12 avqust tarixlərində Təhsil İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal savadlılıq” mövzusunda təlimçi hazırlığı təlimi keçirilib.
Təlim “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilib. Belə ki, əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili “Dövlət Proqramı”nın Tədbirlər Planında yer alır.
Təlimin keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin informasiya-kommunikasiya texnologiyaları (İKT) və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsidir.
Təlim müddətində iştirakçılara XXI əsr bacarıqları və müasir informasiya-kommunikasiya texnologiyaları, İKT-dən istifadə bacarıqlarının formalaşdırılması, internet və virtual kommunikasiya, ofis proqramlarından ictimai həyatda istifadə imkanları, onlayn sorğuların təşkili və faylların saxlanılması, rəqəmsal transformasiya, elektron hökumət, təhsildə informasiya sistemləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.
Qeyd edək ki, 36 akademik saatı əhatə edən təlim ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində təşkil edilib.