BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin ikinci fazası çərçivəsində təlimçilərin təlimi (T0T) həyata keçirilib.
İki gün davam edən ToT-un əsas məqsədi daha əvvəl gender bərabərliyi mövzusu üzrə təlimlərə cəlb olunan mütəxəssislərin biliklərinin möhkəmləndirilməsi və təlimçi bacarıqlarının inkişaf etdirilməsidir. ToT zamanı müdavimlər gender bərabərliyini təşviq edən məzmun mövzusunda hazırlanmış tematik planı müzakirə edərək planda mövzuların sadədən mürəkkəbə doğru ardıcıllığının və məntiqi əlaqənin təlim nəticələri, qiymətləndirmə və pedaqoji strategiyalara uyğunluğunu təhlil ediblər.
Təlimin ikinci günü tematik plana uyğun hazırlanmış məzmunun auditoriyanın ehtiyaclarına uyğunlaşdırılmasına həsr edilib. Belə ki, məzmunu əhatə edən fəaliyyətlərin və tapşırıqların auditoriyanın ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilməsi, tematik planda verilən təlim nəticəsinə uyğun olaraq strategiyanın qurulması və qiymətləndirmənin aparılması təlimə cəlb olunan iştirakçılar tərəfindən müzakirə edilib və onların rəyləri dinlənilib. Yekunda gender bərabərliyini təşviq edən məzmun mövzusunda keçiriləcək təlim üçün təlimçiyə vacib olan resurslar, bacarıqlar və strategiyalar müzakirə olunub və təlimçi səriştələri formalaşdırılıb.
Qeyd etmək lazımdır ki, növbəti mərhələdə layihə çərçivəsində müxtəlif qruplarla təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.