28 avqust tarixindən etibarən ölkəmizə təlim səfəri edən Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin təlim səfəri başa çatıb.
Qeyd edək ki, səfərin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək, təcrübə mübadiləsi olmuşdur.
5 günlük səfər müddətində nümayəndə heyəti Elm və Təhsil Nazirliyində, müxtəlif təhsil qurumlarında təlimlərdə iştirak etmiş, Azərbaycanın beynəlxalq qiymətləndirmə sahəsindəki təcrübəsi ilə yaxından tanış olmuşlar. Təlim səfəri maraqlı ekskursiyalarla da yadda qalıb. Beləki, Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti üçün STEAM İnnovasiya Mərkəzinə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə, SABAH.HUB İnnovasiya Mərkəzinə, Bakı Dövlət Sənaye və İnnovasiya Peşə Təhsili Mərkəzinə ekskursiyalar təşkil olunmuşdur.
Təlim səfərinin sonuncu günü isə Təhsil İnstitutunun əməkdaşlarının təqdimatları ilə davam edib. Belə ki, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Milli qiymətləndirmə tədqiqatlarının beynəlxalq tələbə qiymətləndirilməsi ilə uyğunlaşdırılması” mövzusunda təqdimatı ilə çıxış edərək şagirdlərin mərkəzləşdirilmiş monitorinqlərinin aparılması istiqamətində görülən hazırlıq işləri və real icrası barədə fikir mübadiləsi aparıb.
Növbəti təqdimatlar Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədov tərəfindən “Beynəlxalq tədqiqatlar haqqında məlumatlılığın artırılması: müəllimlər və direktorlar üçün mövsümi düşərgələr” və “Milli hesabatların hazırlanması” mövzusunda aparılıb.
Daha sonra nümayəndə heyəti ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinə səfər edib. Burada mərkəzin direktoru Nəzakət Mehdiyevanın iştirakı ilə müəllimin inkişafı və onun şagird nailiyyətlərinə təsiri barədə müzakirələr aparılıb. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.