Mətn təshihinin sirləri

Tarix: 18.02.2020
Paylaş:

Mətni redaktə etmək nə qədər vacibdir? Ernest Heminquey demişdir: “Əksər yazıçılar öz sənətlərinin ən vacib hissəsini gözdən qaçırırlar: yazılarının redaktəsi, yonma. Yazını toreadorun ölümcül nizəsi itiliyində olana qədər yonmaq”.

Bunu belə izah edək: yazı işinin son mərhələsini – redaktə işini və  mətni təkmilləşdirməyi sürətləndirmək sizin üçün hədəfə çatdığınıza əmin olmaq  imkanıdır.

Birinci addımınız hansısa bir mövzuda  mətn yazmağınızdır. Növbəti addımınız buna nə qədər nail ola bildyinizi müəyyənləşdirmək olacaq.

Təcrübələr göstərir ki, çoxları necə redaktə etməli olduqlarını bilmirlər. Onlar mətnin qaralama variantını  yazırlar,  sözlərin düzgünlüyünü və durğu işarələrini yoxlayıb, yazını təhvil verirlər. Bəs mükəmməl mətn necə olmalıdır? Heminqueyin qeyd etdiyi kimi, nizə itiliyində yazını tərtib etməyin yollarını nəzərdən keçirək.

Başını kəsin

İlk növbədə, birinci abzasda nə yazdığınıza baxın. Onu silmək mümkündürmü?

Kiçik mətnlərdə ilk abzasın vacibliyi çox zaman şübhəli olur, lakin onu bütövlükdə silmək tələb edilmir. Sadəcə mətni təkmilləşdirmək  işini ilk sətirlərdən başlamaq tövsiyə olunur.

Ayağını kəsin

Eyni səbəbdən nəticə hissəsinin cümlələrinə diqqət etmək lazımdır.

Mətnin son iki abzasını diqqətlə oxuyun. Onlar mətndə həqiqətənmi vacibdir?

Sonluğu avtomatik silmək lazım deyil, sadəcə bu hissəyə tənqidi nəzərlə baxın.

Hər altıncı sözü silin

Kaliforniyadan olan bir redaktor – Skot de Vit “Hər altıncı sözü sil” elektron proqramın həmmüəllifidir. Proqramın əksərən lazım olan sözləri də silməsinə baxmayaraq bu təcrübə ona göstərdi ki, mətnin redaktəsinə daha ciddi yanaşmaq mümkündür.

Öz mətninizə nəzər salın. Əgər siz hər altıncı və ya beşinci, hətta dördüncü  cümləni silsəniz, nə baş verər? Şübhəsiz, bu zaman siz vacib cümlələri də itirəcəksiniz. Lakin bu təcrübə vasitəsilə daha konkret yazmağın mümkünlüyünə inanacaqsınız. Bu gün oxuculara qısa və sadə mətnlər lazımdır. Mətndə xüsusi funksiyası olmayan bütün cümlələri silin, “yağını” alın. Əgər bu, hər altıncı sözü silməyi tələb edirsə, onu silin!

Hərdən müəlliflər düşünürlər ki, yazdıqları mətni qısaltmaq mümkün deyil. Onu mükəmməl hesab edirlər. Sizə min dollar təklif olunarsa, bunu edərsinizmi? Təbii ki, edəcəksiniz! Sizin mətniniz daşa yazılmayıb. Onu dəyişmək, hissələrini silib, yeni formaya salmaq mümkündür.

Hazır mətni oxuduğunuz zaman “Hər altıncı sözü silin” proqramını xatırlayın. Bu, sizin mətninizi daha təsirli edə bilər. Elmor Leonardın möhtəşəm fikrini yada salaq: “Mən mətni oxuduğum zaman  üstündən keçə bildiyim hissələri silirəm”.

Stiven Kinqin tövsiyəsini nəzərə alın

Bestsellerlər müəllifi, “dəhşətlər korolu” Stiven Kinq yazdığınız mətnin on surətini çıxarb on dostlarınıza paylamağı tövsiyə edir. Onlardan əks əlaqəni – yazınızı redaktə etmələrini xahiş edin. Hər kəs çəkinmədən öz fikrini bildirsin. Siz özünüzü tənqidə məruz qoyursunuz, amma əvəzində ödənişsiz redaktə əldə edəcəksiniz.

Ancaq hər şeyi ürəyinizə çox yaxın buraxmayın. Təsəvvür edin ki, siz araşdırmaçısınız, sadəcə ictimai fikir sorğusu aparırsınız: yazınız kimin xoşuna gəldi? Kim bəyənmədi? Bəyənilməyən nə oldu?

Kinq əks əlaqədəki ümumilikləri qeydə almağı təklif edir. Başqa sözlə, on oxucudan beşi sizin mətnin hansısa bir abzasını anlamayıbsa, onu yenidən yazmaq lazımdır. Əgər başlığınız çoxuna xoş gəlmədisə, onu dəyişin. Əgər siz bir-biri ilə səsləşməyən bir çox rəylər almışsınızsa, narahat olmağa əsas yoxdur – hər kəsi razı salmaq olmur.

Kimsə yazdığınız mətni hündürdən oxusun

Mətnin səlis yazıldığının müəyyənləşdirilməsinin ən səmərəli üsullarından biri budur. Dostunuzdan xahiş edin, sizin mətninizi yanınızda hündürdən oxusun. Oxu prosesi xətaların görünməsinə kömək edir. Dostunuz oxuyarkən onu dinləyin və onun üzünə davamlı baxın. Əgər o, bir cümləni təkrar oxumağa ehtiyac duydusa və yaxud alnını qırışdırdısa, qaşlarını çatdısa, demək, həmin cümləni redaktə etmək lazımdır.

Yüngül, sadə və aydın mətnlər gipnostik olur, ona görə də səmərə verir.

Hündürdən oxuyun

Öncəki əməliyyatla oxşar olsa da, açıq-aşkar ona uduzur. Lakin səsli oxuma sizə başqa perspektiv açır. Bu səbəbdən bunu etmək lazımdır. Məsələ ondadır ki, mətni özünüz yazdığınız üçün sözləri necə oxuyacağınızı bilirsiniz. Bu zaman xətalar gözə çox çarpmaya bilər.

Ödənişsiz xidmətdən istifadə edin

Əgər yazarkən  siz birbaşa “altı sözdən birini sil” prinsipinə əməl edəcəksinizsə, qrammatikanız avtomatik olaraq yaxşılaşacaq. Tədqiqatlar göstərir ki, redaktə etmək “azarından” qurtularsınızsa, mətni sövq-təbii olaraq qrammatik qaydalara riayət etməklə yazacaqsınız.

Elektron dəstəklər də sizin köməyinizə  çata bilər.

Birincisi, kompüterin qrammatik yoxlama proqramından istifadə edə bilərsiniz.

İkincisi, hər zaman onlayn-resurslardan yararlanmaq, mütəxəssilərə müraciət etmək olar.

Fasilə verin

Müəyyən müddətə mətninizi kənara qoyun. Yazdıqlarınızı unudun. Niyə? Sonra öz yazınıza yad bir mətnə baxırmış kimi aydın baxışla baxmaq üçün.

Kəsmək və yerləşdirmək

Kompüter olmadığı dövrdə mütəxəssislər çap makinasında yazılmış mətn vərəqlərini abzaslara görə kəsib,  müxtəlif ardıcıllıqla düzüb oxuyurdular. Ən uyğun versiyanı seçirdilər.

Təkrar edirik: sizin də mətniniz daş üzərində yazılmayıb. Mətni təkmilləşdirmək üçün abzasların yerini dəyişmək, hər hansı abzası silmək, yenilərini yazmaq mümkündür.

Kissinceri düşünün

Kissincer öz köməkçilərindən birinə material  yazmağı tapşırır. Köməkçi yazır və göndərir. Ertəsi gün əlyazma yaşıl mürəkkəbli qeydlə köməkçinin masasının üzərində olur: “Siz daha yaxşı yaza bilərsiniz”.

Köməkçi mətnin üzərində işləyir və yenidən göndərir. Ertəsi gün o, həmin əlyazmanı başqa bir qeydlə masasının üstündə görür: “Siz daha yaxşı yaza bilərsiniz”.

Köməkçi mətni ciddi redaktə edir, bir neçə fakt əlavə etməklə yenidən köçürüb,  təkrar-təkrar oxuyub materialı Kissincerə verərək deyir: “Ser, mən əlimdən nə gəlirdisə, etdim”.

Kissincer əlyazmanı alır və deyir: “Bu halda mən bunu oxuyaram”.

Kissincer əvvəlki versiyaları heç oxumamışdı! O, sadəcə  köməkçisini mümkün qədər yaxşı işləməyə məcbur etmişdi.

Siz həmişə nəyisə daha yaxşı edə bilərsiniz.

Sonuncu bir söz

Yazını nə zaman bitirməli?

Siz materialın ən parlaq formada cilalanmağına necə əmin olursunuz? Bunu bilən hələ olmayıb. Lakin “bumeranq üsulu”ndan istifadə etmək olar: əlindən gələni edib, sonra məqsədə çatdığını görmək üçün “buraxmaq”.

Materialı hətta illərlə yazmaq olar. Amma lazım deyil! Sizdən asılı olanları edin və yayımlayın. Əks əlaqə  mətnin üzərində dəfələrlə işləməkdən daha səmərəli olacaqdır.  Albert Eynşteynin fikri üzərində düşünün: “Hər şeyi imkan daxilində sadə etmək lazımdır, amma sadədən asan deyil”.       

Hazırladı: Könül Nəhmətova

Mənbə: https://marketing.wikireading.ru/10658